Lavrov Bakıya niyə gəlmişdi? – Keçmiş xarici işlər naziri belə izah etdi
    • 1-03-2023, 15:04
    • 290

Lavrov Bakıya niyə gəlmişdi? – Keçmiş xarici işlər naziri belə izah etdi

“İki ölkə arasında belə bir razılıq var ki, hər il rəsmi səfər baş tutmalıdır. Bu, diplomatik jestdir. Yəni Azərbaycan və Rusiya arasında qonşuluq münasibətləri mövcuddur. Lavrovun Bakıda səsləndirdiyi fikirlərin bir qismini müsbət qiymətləndirirəm. Azərbaycan üçün çox vacibdir ki, qonşularla ikitərəfli münasibətlər olsun. İqtisadi və siyasi sahəni nümunə deyə bilərik”.

Bu fikirləri News24.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini şərh edən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.


Politoloqun fikrincə, Rusiya faydalı münasibətlər quracağı istiqamətləri axtarır: “Eyni zamanda, biz başa düşürük ki, Rusiya öz siyasətini həyata keçirir, ələlxüsus Ermənistan-Azərbaycan münaqişəsində bunu müşahidə edirik. Ermənistan-Azərbaycan arasında münaqişənin olması Rusiya üçün əlavə imkanlar yaradır. Hər iki ölkəyə təsir etməyə çalışır. Bu, reallıqdır və biz bunu neytrallaşdırmalıyıq. Bu siyasətə təsir etməyin iki növü var. Kəskin etiraz forması, qarşıdurma, dialoqun davam olunması və bu dialoq çərçivəsində öz maraqlarını müdafiə eləmək. Azərbaycan bu taktikaya üstünlük verir. Hesab edirəm ki, bu taktika bizim üçün ən faydalısıdır. Bu, o demək deyil ki, Azərbaycan hansısa maraqlarından keçməlidir. Amma bəllidir ki, münaqişə, qarşıdurma hər iki tərəfə ziyan gətirir. 

Yeni bir geosiyasi vəziyyət yaranıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya zəifləyib. Rusiyanın əsas maraq istiqaməti cənubdadır. Qərb ölkələri ona qarşı sanksiyalar tətbiq edirlər. Rusiya da özü üçün faydalı münasibətlər quracağı istiqamətləri axtarır. Anlamalıyıq ki, Rusiya da bizdən bu və ya digər şəkildə asılıdır. Azərbaycanın maraqları ona diktə eləyir ki, bu imkanları məhz Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəltsin”.