“Fransa Ermənistandan rupor kimi yararlanmağa çalışır” – Tural İsmayılov
    • 3-03-2023, 11:39
    • 363

“Fransa Ermənistandan rupor kimi yararlanmağa çalışır” – Tural İsmayılov

“Fransa bu gün dünyada separatçılığı təşviq edən əsas ölkələrdən biridir. Rəsmi Paris erməni separatçılığını dəstəkləməklə özünün mürtəce və müstəmləkəçi tarixini ört-basdır etməyə çalışır”. 

Bu fikirləri News24.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransa ilə bağlı düşüncələrini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, ölkə başçısının Fransanı tənqid etməsi həm də obyektiv reallıqdan doğur: “21-ci əsrdə dünyaya istilaçı və kolonialist mövqelərdən yanaşmaq insan hüquqları və bəşəri dəyərlər prizmasından rəzalətdir. Coğrafi olaraq Fransaya heç bir aidiyyəti olmayan Qarabağ ermənilərindən siyasi maskarad yaratmağa çalışan Fransa Kaledoniya, Korsika, Mayotda ədalət prinsiplərini kobud tapdalayır. Fransanın bütün bəşəri və insani dəyərləri tapdalayaraq, beynəlxalq hüququ manipulyasiya etmək cəhdləri hər keçən gün daha da ciddiləşir. Fransa bütün beynəlxalq platformalarda Ermənistandan rupor kimi yararlanmağa çalışır. Fransada Ermənistanı Fransanın Qafqaza çıxış qapısı kimi görürlər. Məcburi şəkildə Ermənistanı istismar edərək onu Rusiya forpostluğundan çıxarmağa cəhdlər edirlər”.

Tural İsmayılovun fikrincə, Rusiyaya qarşı da Ermənistanı oyuncaq kimi istifadə etmək istəyirlər: “Dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırdılar. Azərbaycana qarşı növbəti ədalətsizliyi qlobal platformada legitimləşdirməyə cəhd etsələr də, növbəti dəfə rüsvay oldular. Ölkəmiz bundan sonra da Fransanı diplomatik müstəvidə nokaut etməyə davam edəcək”.