"Ermənilər ölkəmizdə tam təhlükəsiz  şəraitdə həyatlarını davam etdirəcəklər" - Səməd Seyidov
    • 14-03-2023, 12:12
    • 287

"Ermənilər ölkəmizdə tam təhlükəsiz şəraitdə həyatlarını davam etdirəcəklər" - Səməd Seyidov

"Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini təklif etməsi çox vacib bir addımdır". 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat qeyd edib ki, əgər ermənilər sülh, əmin-amanlıq şəraitində yaşamaq istəmirlərsə, Azərbaycan vətəndaşı kimi Azərbaycan Konstitusiyasına riayət etmək yolunu seçmirlərsə, deməli, onların içərisində separatizm yolunu seçənlər var:

"Azərbaycan lap əvvəldən o mövqeyi sərgiləyib ki, Qarabağ ərazisində yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olacaq. Təbii ki, onlar ölkəmizdə tam təhlükəsiz və dinc şəraitində həyatlarını davam etdirəcəklər. Əlbəttə ki, vətəndaşlığımızı qəbul edənlərə münasibət ən yüksək səviyyədə olacaq. Azərbaycan qanunlarının açıq-aşkar əleyhinə gedənlərə isə biz də layiqli cavablarını verəcəyik. Yəni, biz öz davranışımızı bu nəticələrə əsasən müəyyən edəcəyik. Dünya ictimaiyyəti artıq dərk etməlidir ki, Azərbaycan bundan artıq nə etməlidir? Kontakta getmək lazımdır deyirsiniz, gedirik, söhbət etmək, əlaqə qurmaq lazımdır, bunu da edirik. Biz bunu təklif ediriksə, əks tərəf bunu qəbul etmirsə, biz nə etməliyik? Burada sadəcə, bir vacib məsələ Qarabağda yaşayan ermənilərin bu danışıqlara gəlib və ya gəlməməsidir. Təbii ki, bu, onların öz işidir. Əgər bu xoş məramızı qəbul etmirlərsə, demək ki, şovinist, separatçılıq, işğal yolunu seçiblər".

Aynurə