Assosiasiyadan yumurtanın qiyməti artmasına REAKSİYA
    • 16-03-2023, 12:53
    • 697

Assosiasiyadan yumurtanın qiyməti artmasına REAKSİYA

"Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda quş yumurtasının bahalaşmasına dair əsası olmayan məlumat yayılıb. Bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər".

News24.az Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib.

“Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri xalqımızın Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər”, - deyə məlumatda bildirilir.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, Azərbaycanda hazırda quş yumurtasının istehsalında artım müşahidə olunur: “Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da yüksək səviyyəyə çatıb. Quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər”.

Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini işə salıblar: “Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar”.

M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar: “Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq. Çünki məhsulun topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə - Azərbaycan quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur”.