Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə əlaqədar nekroloq yayıb
    • 22-03-2023, 20:48
    • 398

Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə əlaqədar nekroloq yayıb

Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev 22 mart 2023-cü il tarixində avtomobil qəzasında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı yaydığı nekroloqda bildirilib.


"Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.

1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Televiziyasında "Virtuoz" adlı layihənin prodüseri kimi fəaliyyət göstərib.

1990-cı ildə "Ər və arvad" (M.Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (P.Pançiyev) pyeslərinin quruluşçu rejissoru və yaxud ssenari müəllifi olub. O, 1995-ci ildə A.Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.

Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.

İstedadlı sənət adamı, səmimi insan Oqtay Əliyevin əziz xatirəsi qəlblərdə yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi Oqtay Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin!", - deyə qeyd olunub.