"Həmin qəzanı gözümlə gördüm" - Aktrisa Oqtay Əliyevin keçirdiyi avtomobil qəzasından DANIŞDI
    • 27-03-2023, 14:15
    • 651

"Həmin qəzanı gözümlə gördüm" - Aktrisa Oqtay Əliyevin keçirdiyi avtomobil qəzasından DANIŞDI

"26 ildir ki, Oqtay Əliyevi və ailəsini tanıyıram. İlk qonorarımı da Oqtay müəllim verib. O zamanlar tələbə idim. Oqtay müəllim teatra gəlib dedi ki, Xuraman, bir reklam var, səni ora çəkəcəyik. Buna çox sevindim. Teatıra yeni işə düzəlmişdim, qonorarı heç soruşmadım. Həmin reklamdan aldığım ilk qonorarım isə 30 manat oldu. Həmin pulu “SOY” prodakşın verdi. Bundan sonra onlar məni hər zaman qanadlarının altında saxladılar".

News24.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Elgizlə izlə" verilişində deyib. Aktrisa Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin keçirdiyi avtomobil qəzasından danışıb. O bildirib ki, O.Əliyevin vəfat etdiyi qəzanı gözü ilə görüb:

"Oqtay Əliyevin ölüm xəbərini həyat yoldaşımdan aldım. Zəng edib söylədi ki, xəbərin var, belə hadisə olub. Qışqırıb dedim ki, sən nə danışırsan, bu nə danışıqdır? Dedi hadisə yerindəyəm, gəl bura. Mən axı ora niyə getdim?! Gedib, hər şeyi öz gözlərimlə gördüm. Orada polislər dayanmışdı. Onlardan soruşdum ki, bəlkə heç Oqtay müəllim ölməyib? Amma cavab verdilər ki, o, artıq dünyasını dəyişib. Sonra həmkarım Sonaxanım Əliyeva və Dilarə xanımla xəstəxanaya getdik.

Dünən onlara getmişdim. Dedim ki, Dilarə xanım (Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva - red.) qurban olum, siz ayaqüstə dayanmağa məcbursunuz. Çünki siz çöksəniz, mən də çökəcəyəm. Dilarə xanım mənim üçün örnək, güvən yeridir. Allah səbr versin". 

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında vəfat edib. Həmin an maşında Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də yer alıb.//axşam.az