Azərbaycan yığması futbol yox, top-top oynayır -
    • 28-03-2023, 10:58
    • 2 969

Azərbaycan yığması futbol yox, top-top oynayır - "Utanım yerinə, ay utanmayan" – Aqil Abbas

AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. Üç gün əvvəl Avstriyada 4:1 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə İsveç millisinə 5:0 hesabı ilə məğlub.

“Qarabağ” klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbas düşüncələrini News24.az-a bölüşüb.

O, əvvəlcə problemlərdən söz açıb: “Azərbaycanda bir-iki komandanı çıxsaq, ümumən uşaq futbolu yoxdur. Region futbolunu məhv ediblər. Tikilən stadionlarda da normal idman edən yoxdur. Yalnız varlı adamlar yeyib-içəndən sonra gedib orada bir az oynayırlar. Buna görə də heç vaxt Azərbaycanda futbol olmayacaq. De Byazi barədə danışmağa gərək yoxdur. 5:0 hesablı məğlubiyyətdən sonra deyir ki, “yaxşı oynadıq”. De Byazini göndərəcəyik, yerinə Ce Byazini gətirəcəklər. Nə dəyişəcək? AFFA isə bu qədər tənqidlərə susur, nəticə çıxarmır, çünki utanmırlar. Şahmar Əkbərzadənin gözəl fikri var: “utanım yerinə, ay utanmayan..!”

Ümumiyyətlə, Azərbaycanda futbol yoxdur, bizimkilər ancaq top-top oynayırlar. Bunlar ayrı şeylərdir. Futbol mədəniyyətdir, əzmkarlıqdır, mübarizədir. Top-top isə uşaqların oynadığı oyundur”. 

O, çıxış yollarından da danışıb: “Rayonlardan pambıq, üzüm planı istədikləri kimi idmançı planları istəməlidirlər. Şərait qurmaqla deyil, həm də tələb etmək lazımdır. Rayonlarda futbol oynamırlar. Əvvəllər məhəllə oyunları keçirilirdi. Bundan əlavə, qonşu kəndlər və rayonlararası yarışlar var idi. Məktəblər arasında olan futbol belə yox səviyyəsindədir. İndi heç bir rayonda bunlar yoxdur. Dünən 5:0 uduzan futbolçular isə milli yox, yığma komandadır. Oradan-buradan gətirilən oyunçulardır, onlara “milli” demək doğru deyil.

Lixtenşteynin əhalisi Zərdabın əhalisindən azdır. Amma futbol oynayırlar, inkişaf edirlər. Yerində addımlayan bizik”.