"Fransa beynəlxalq hüquqa zidd hərəkət edir" - Deputat
    • 4-04-2023, 12:22
    • 190

"Fransa beynəlxalq hüquqa zidd hərəkət edir" - Deputat

Məlum olduğu kimi, martın 16-da Fransa Senatı növbəti dəfə ölkəmizə qarşı təxribata əl atıb, dövlətimizin suverenliyi və ərazi bütövlüyünə yönəlmiş qondarma konfrans keçirib, Azərbaycana qarşı nifrət və qərəz dolu mövqeyini bir daha nümayiş etdirib.

News24.az bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Milli Məclisin iclasında deyib.

Deputat vurğulayıb ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, Qarabağ bölgəsinin etnik erməni sakinləri ilə təmasların qurulması istiqamətində addımların atıldığı bir dövrdə Fransanın bu cür hərəkətləri sadalanan proseslərə birbaşa zərbə vurur, regionda gərginlik dərəcəsini artırır:

"Onu da qeyd etmək lazımdır ki, ötən ilin noyabrında Fransa ilə bağlı qəbul etdiyimiz Bəyanatın mürəkkəbi qurumamış, bu ölkə öz hakimiyyətinin bütün qatlarında dövlətimizə qarşı qərəzli siyasətini davam etdirib. Belə ki, bir neçə gün öncə Fransa xarici işlər nazirinin Qarabağla bağlı səsləndirdiyi əsassız fikirlər, Overn-Ron-Alp bölgəsinin regional şurası sədrinin Ermənistana səfəri zamanı verdiyi bəyanatlar Fransanın anti-Azərbaycan mövqeyinin növbəti təzahürü və ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.

Bu onu göstərir ki, Fransa hakimiyyəti Ermənistanın təcavüz və işğal siyasətinə haqq qazandırmağa çalışır, beynəlxalq hüquqa zidd olaraq kolonializm keçmişinin ətaləti əsasında hərəkət edir, reallıq hissini itirərək rəsmi Bakı ilə qarşıdurma yaratmaq niyyətindədir. Lakin, unudur ki, qarşısında öz gücü, qüdrəti və uzaqgörən siyasəti hesabına həm regionda, həm Avropada, həm də dünyada yüksək hörmət və nüfuz qazanmış Azərbaycandır, ərazi bütövlüyünü öz siyasi, diplomatik və hərbi səyləri hesabına bərpa etmiş dövlətdir.

Emmanuel Makron və onun hökuməti nəhayət anlamalıdır ki, Fransa danışıqlar prosesindən birmənalı olaraq təcrid olunub və ona təxribatçı damğası vurulub. Eyni zamanda dərk etməlidir ki, Fransanın Azərbaycanla ultimatum dilində danışması cəhdləri, Ermənistanı ölkəmizə qarşı hərbi təxribatlara hazırlaması, ona Avropadan hərtərəfli dəstəyin vəd etməsi avantüraları uğursuz olacaq və nəinki regionda, bütün dünyada olan-qalan nüfuzunun da itirilməsi ilə nəticələnəcək.

Çox təəssüf ki, Fransa kimi beynəlxalq münasibətlərdə çoxəsrlik təcrübəyə malik olan bir ölkənin bu cür impulsiv, məntiqə sığmayan siyasəti, bəyanatları, və hərəkətləri hazırkı hökumətinin adekvatlığına əsaslı və haqlı şübhələrimizi təsdiqləyir.

Hesab edirəm ki, suveren dövlətin işinə qarışmamağı, bununla bağlı regionumuzda macəra axtarmamağı, əvəzində öz başından aşıb-daşan daxili problemləri ilə məşğul olmağı Fransaya ciddi tövsiyə edilməli, əks halda, bu ölkə ilə mövcud olan münasibətlər yalnız diplomatik əlaqələr səviyyəsinə endirilməlidir".