Azərpaşa Nemətovun yerinə kim təyin olunacaq?
    • 13-04-2023, 13:34
    • 11 828

Azərpaşa Nemətovun yerinə kim təyin olunacaq?

Akademik Milli Dram Teatrının bədii rəhbəri, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun vəfatından sonra postuna kimin təyin olunacağı cəmiyyətdə müzakirə mövzusudur. Məsələ ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

News24.az-ın əməkdaşı mövzu ilə bağlı Azərbaycan incəsənətində öz imzası olan şəxslərin düşüncələrini öyrənib.

Xalq artisti Afaq Bəşirqızı saytımıza açıqlamasında bildirib ki, Azərpaşa Nemətovun yerinə kimin gələcəyi ilə bağlı düşüncəsi yoxdur: “Fikrimdə heç bir aktyor yoxdur. Məncə, aktyor səhnədə olmalıdır”. 

Firəngiz Mütəllimova isə yeni rəhbərin ədalətli olmasını arzu edib: “Mənim üçün yeni rəhbərin kim olmasının fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, istəyərdim ki, yeni vəzifəyə gələn şəxs teatra, aktyorlara diqqət və qayğı ilə yanaşsın. Teatrın inkişafına şərait yaratsın, gənc aktyorların istedadları üzə çıxarılsın. Tamaşalarda rollar aktyorlar arasında düzgün bölünsün”. 

Hacı İsmayılov, Məleykə Əsədova, Sənubər İsgəndərli və Bəsti Cəfərovaya ünvanladığımız sual isə cavabsız qalıb.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən isə bildirilib ki, yeni təyinatla bağlı məlumatları yoxdur: “Azərpaşa Nemətovun yerinə təyin olunacaq şəxs barədə məlumatımız yoxdur. Bu, Mədəniyyət Nazirliyinin səlahiyyətində olan məsələdir”.

Xatırladaq ki, teatrın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da, 75 yaşında dünyasını dəyişib. Xalq artisti İkinci Fəxri xiyabanda dəfn olunub.

Qumral Əliyeva