“Yuventus” “Arsenal”ın futbolçusu Remzi ilə müqavilə imzalayıb
    • 12-02-2019, 14:21
    • 1 045

“Yuventus” “Arsenal”ın futbolçusu Remzi ilə müqavilə imzalayıb

İngiltərənin “Arsenal” klubunun uelsli yarımmüdafiəçisi Aaron Remzi 2019-cu ilin yayında İtaliyanın “Yuventus” komandasına keçəcək.

Bu barədə Turin klubunun mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, 28 yaşlı yarımmüdafiəçinin “Arsenal” ilə kontraktının müddəti həmin tarixdə sona çatır. Bu kontraktın müddəti başa çatdıqdan sonra futbolçu sərbəst agent hüquqları əsasında iyulun 1-də İtaliya klubuna transfer olacaq. Uelsli yarımmüdafiəçinin yeni klubla kontraktı 4 il müddətinə nəzərdə tutulub, onun maaşı isə, BBC telekanalının məlumatına görə, illik 26,8 milyon dollar olacaq. Bu, britaniyalı futbolçuların bütün futbol tarixində aldığı ən yüksək məbləğdir.
Remzi 20018-ci ildə “Kardiff” klubundan “Arsenal”a keçib. Britaniyalı futbolçu London klubunun heyətində İngiltərə kubokunun üçqat və Superkubokun ikiqat qalibi olub. Futbolçu “Arsenal”da oynadığı müddətdə ölkə çempionatında keçirdiyi 357 matçda 61 qola imza atıb. Remzi Uels yığma komandasının heyətində çıxış etdiyi 58 görüşdə isə 14 qol vurub.
“Tranfermarkt” portalının məlumatına görə, hazırda Remzinin transfer dəyəri 40 milyon avrodur.

//AZƏRTAC