Türkiyə hava məkanını Ermənistan üçün niyə bağladı? – Ankaranı qəzəbləndirən DETAL
    • 3-05-2023, 12:28
    • 374

Türkiyə hava məkanını Ermənistan üçün niyə bağladı? – Ankaranı qəzəbləndirən DETAL

Türkiyə Ermənistan üçün hava məkanını üçüncü ölkələrə uçuşlar üçün bağlayıb. 

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
 
Çavuşoğlu bildirib ki, hava məkanının bağlanması İrəvanda “Nemezis” heykəlinin qoyulması ilə bağlıdır. 

“Nemzis” Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi erməni “soyqırımını” və Bakıda 1918-ci ildə erməni əhalisinin “qətlini” təşkil etmiş şəxslərdən qisas alınması idi. 

Türkiyənin XİN rəhbəri qeyd edib ki, əməliyyatının şərəfinə abidə qoyulması qəbuledilməzdir.

Onun sözlərinə görə, abidənin qoyulması ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara xələl gətirir: 

“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Ankara abidənin açılışını təxribat hesab edir. Ermənistanın bu cür hərəkətlərə davam edəcəyi təqdirdə yeni addımlar atacağıq. Türkiyə tərəfi hətta VIP uçuşları qadağan edə bilər”.

Qeyd edək ki, aprelin 29-da Ankara “Flyone Armenia”-ya Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib.

Turan