Tanınmış aktyordan SƏRT ETİRAZ: “Bəlkə elə sabah ürəyim partladı öldüm
    • 8-05-2023, 14:28
    • 508

Tanınmış aktyordan SƏRT ETİRAZ: “Bəlkə elə sabah ürəyim partladı öldüm"

“Belə münasibət sənət adamını stresə salır, incidir, həyatdan küsdürür”.

News24.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor illərlə bu sənətə xidmət etdiyini, lakin əməyinin bəhrəsini görmədiyini ürək ağrısı ilə dilə gətirib:

“Bu sənətə 40 il xidmət etmişəm, hanı mənim zəhmətimin bəhrəsi? Dünən səhnəyə çıxan və sənətdə heç bir xidməti olmayan biri əməkdar artistdir. Tay-tuşlarım çoxdan xalq artistidir, amma mən hələ də oturub gözləyirəm. Efirlərə çıxanda məni əməkdar artist kimi təqdim edirlər, deyirəm, mənim fəxri adım yoxdur. Təəssüf içində üzümə baxırlar ki, ola bilməz. Mən öləndən sonra neynirəm o fəxri adı? Niyə axı övladlarımın, ailəmin yanında xəcalətli qalmalıyam?

Mənim üçün ən vacib şərt budur ki, övladlarımın yanında başıaşağı olmayım, istəyirəm qürurum özümə qayıtsın, başım uca olsun, illərdir səhnədə can qomuşam, zəhmətim hədərə getməsin.

Bir neçə ildən sonra təqaüdə çıxacam, bəlkə heç o günü də görmədim. İndi sizə müsahibə verirəm, bəlkə elə sabah ürəyim partladı öldüm. Axı sənətə, insana belə laqeyd münasibət göstərmək olmaz. Bu münasibət sənət adamını stresə salır, incidir, həyatdan küsdürür. İllərlə yığılan bu stres bir gün aktyoru yıxır. Mən haqqım çatanı istəyirəm, başqa heç nə… Əgər aktyor özünü gözə soxa bilmirsə, yaltaqlığı, qapı döyməyi, ağız açmağı bacarmırsa, halal haqqını almamalıdır? Mən belə şeyləri bacarmamışam, bacarmaram da…”