Bülənt Özərdim: Müqavilənin imzalanmasından sonra bilet satışları 2 dəfə artıb
    • 12-02-2019, 16:00
    • 1 007

Bülənt Özərdim: Müqavilənin imzalanmasından sonra bilet satışları 2 dəfə artıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il 26-28 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına dair son vəziyyəti böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır.

Şirkətin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdimin verdiyi məlumata görə, Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq maraq kəskin şəkildə artıb: “Müqavilə müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, yeni müqavilə imzalandıqdan sonra satışın tempində 2 dəfəyədək artım qeydə alınıb. Bu artım əsasən Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb”.

BŞH-nin rəsmisi B. Özərdim onu da qeyd edib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşı vəziyyətdədir: “Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. İndiyədək xaricdən 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün böyüyərək daha geniş coğrafi məkanı əhatə etməkdədir. Hal-hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır”.

Qeyd edək ki, yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər.