“Avroviziya” təmsilçilərimiz sosial şəbəkədə tənqid olunan geyimləri barədə danışdılar

“Avroviziya” təmsilçilərimiz sosial şəbəkədə tənqid olunan geyimləri barədə danışdılar
MƏDƏNİYYƏT

Baxış: 475 \ Tarix: 10-05-2023, 22:47

Mətn ölçüsü

Dünən Azərbaycanın “Avroviziya”dakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları müsabiqənin ilk yarım finalında Azərbaycanı təmsil ediblər.

APA “TuralTuranX”dən açıqlama alıb.

Əkizlər final mərhələsinə keçə bilməsələr də, müsabiqənin onlara böyük təcrübə qatdığını deyiblər:

“O qədər insanın qarşısında çıxış etmək, onların enerjisini hiss etmək çox gözəl hisslər idi. Seçilməsək də mən yenə də xoşbəxtəm, çox gözəl təcrübə yaşadım. Buna görə minnətdaram. “Avroviziya”, bu hekayə, bu təcrübələr bizə çox şey qatdı. Biz qazandığımızı qazandıq”- deyə əkizlərdən Tural Bağmanov bildirir.

Turan isə deyir ki, finala keçməməyi ilə bağlı əvvəlcə biraz pis olsa da, sonradan yaxşı hiss edib.

Əkizlər hazırda Çexiya, ya da Sloveniyanın qalib gəlməsini istədiklərini deyir:

“Latviya və Maltanı çox sevirdik. Onların mahnıları çox güclü idi. Ancaq onlar finala keçə bilmədi. İndi istəyərdik ya Çexiya, ya da Sloveniya qalib gəlsin”.

Təmsilçilərimiz deyirlər ki, Bakıya qayıdan kimi albom üzərində işləyəcəklər:

“Yaxın zaman ərzində albomumuzu buraxacağıq”.
Əkizlər mahnı müsabiqəsinin açılış mərasimində geyindikləri geyim tərzinə görə edilən tənqidlər haqqında da açıqlama veriblər.

“Biz obraz yaradırıq. Tənqid olunmaqdan narahat deyilik. Musiqiçi olan insan, incəsənət insanı buna dözməlidir, kimsə sənə yaxşı da desə, pis də desə. Sən mental olaraq hazır olmalısan, bu sənə təsir etməməlidir. Tezbazar qırılsan olmaz”, deyə onlar tənqidə açıq olduqlarını bildiriblər:

“Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyindik. Saçımdan makiyajıma kimi o geyimi mən sevirəm, xoşlayıram. Bu incəsənətdir, geyim də musiqi kimi bir şeydir. Əgər sən o tərzi sevmirsənsə, deməli o sadəcə sənin tərzin deyil. Bu sadəcə olaraq bir obrazdır. Sabah, birisi gün kovboy kimi də geyinə bilərəm. Bu o demək deyil ki, mən Texasdayam, at sürürəm”.

Onlar bildiriblər ki, “Avroviziya” müsabiqəsinə hələ ki, təkrar qatılmağı düşünmürlər:

“Bir dəfə bunu təcrübə etdik, bizə bəsdir. Bəlkə gələcəkdə fikirləşərik. Maraqlı ola bilər yenidən qatılsaq. Ancaq fikirləşirik ki, hələ ki, bir dəfə bəsdir”.

Sonda ifaçılarımız onları dəstəkləyən insanlara təşəkkür ediblər:

“Bizi çox dəstəkləyən oldu, bizə sevgilərini göndərən, xoş sözlər yazan insanlar oldu. Biz onların hamısını çox sevirik. Onlar bizə çox dayaq oldular. Biz o insanlara görə özümüzü çox yaxşı hiss edirik”.