“Atəş açın” əmri İrəvana haradan gəlib? – Bu ölkənin kəşfiyyatına bağlı general...
    • 11-05-2023, 14:13
    • 450

“Atəş açın” əmri İrəvana haradan gəlib? – Bu ölkənin kəşfiyyatına bağlı general...

“Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi. Başqa bir versiya da var”. 

News24.az
xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Nikol Paşinyan çıxışlarının birində özü etiraf etmişdi ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur: “Paşinyan “beşinci kolon” dedikdə Rusiya kəşfiyyatıyla bağlı olan yüksək rütbəli erməni hərbçilərinə işarə edib. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi. Bu halda “Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib. Demək Azərbaycan ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir”.

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, guya Azərbaycan sərhəddə ona görə təxribat yaradıb ki, beynəlxalq birliyin Laçın yolunda sərhəd-keçid məntəqəsinə qarşı təzyiqi azalsın: “Yəni Paşinyanın məntiqinə görə rəsmi Bakı mövzunu dəyişdirmək istəyib. Birincisi, artıq heç bir dövlət Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Azərbaycana təzyiq etmir, ilk günlər azca etiraz edənlər hazırda mövcud reallığı qəbul ediblər. İkincisi, ermənilərin sərhəd-keçid məntəqəsiylə bağlı Rusiyaya olan son ümidləri də puça çıxıb. Kreml İrəvana açıq mesaj göndərib ki, Rusiya hərbi kontingentinin Qarabağdakı missiyası məhduddur, yəni sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane ola bilməyəcəklər. Bütün bunlar ortada varkən, Azərbaycan mövcud olmayan mövzudan diqqəti yayındırmaq üçün sərhəddə niyə gərginlik yaratmalıdır? Rəsmi Bakı danışıqların bütün formatlarında iştirakda, sülh sazişinin qısa müddətdə imzalanmasında maraqlıdır. Belə olan halda danışıqları pozanın, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınanın ünvanı bəllidir”.

Turan