Qaynı şəhid qardaşının arvadını niyə öldürüb? - Talehin atası ŞOK FAKTLARI AÇDI
    • 16-05-2023, 18:21
    • 33 122

Qaynı şəhid qardaşının arvadını niyə öldürüb? - Talehin atası ŞOK FAKTLARI AÇDI

Xəbər verdiyimiz kimi, Xızıda Taleh Qurbanov qardaşı, şəhid Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı ailə münaqişəsi zəminində boğaraq öldürüb. 

Şəhid Saleh Qurbanovun atası News24.az-a hadisə ilə bağlı mühüm faktları açıqlayıb.

O, gəlininin ölümünə çox üzüldüyünü bildirib: "Mən bir yox, iki övlad itirmişəm. Ləman mənim gəlinim yox, qızım olub. Onu balam kimi çox istəyirdim. O da bizi ata-anası kimi görürdü. Mənə "ata" deyirdi. Oğlum şəhid olandan sonra bütün mülkümüzü, dövlətin ayırdığı bütün imtiyazları Ləmana vermişdik. Onlar bizə Salehin yadigarları idi. Balamdan sonra təsəllimi onlardan alırdım.

Üstəlik, Ləmanla əvvəldən də qohum idik, qaynımın nəvəsidir. Asim - Ləmanın atası ilə biz quda yox, qardaş olmuşuq. O mənə böyük qardaşlıq eləyib. Onun televiziyalara danışdıqlarını eşitdim. Ona da ürəyim ağrayır. Bala itkisi nədir, mən bilirəm. Amma o da bilsin ki, o bir balasını, mən iki balamı itirmişəm... Allah mərdiməzarın evini yıxsın. Əlimdən heç nə gəlmir. İndi mən neyləyə bilərəm?! Kaş ki, belə olmazdı...

Mən Ləmanı qızım bilirdim. Saleh şəhid olandan sonra onun psixologiyası pozulmuşdu. Özünə qapanmışdı. Onu bu vəziyyətdən çıxarmaq üçün çox çalışdım. Psixoloq tapdım, pirlərə apardım. Rayonları gəzdirirdim ki, az da olsa, özünə gəlsin. Yəni bizim münasibətlərimiz heç vaxt pis olmayıb. Nə baş veribsə, 15 gün içərisində olub".  

Möhübbət Qurbanov hadisə baş verən zaman orada olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:  "Hadisə baş verəndə mənim də orada olduğum deyilir. Amma vallah yalandır. Orada olsam, imkan verərdimmi belə bir şey olsun? Yenə deyirəm, Allah mərdiməzara lənət eləsin. Heç mən də bilmirəm bu necə baş verib.... Biz pis ailə olmamışıq. Bütün kənd, bizi tanıyanlar, Salehimin dostlarının hamısı bizim necə olduğumuzu gözəl bilirlər. Bizim belə işə qarışacağımız heç vaxt ağlıma gəlməzdi. Hadisə necə olub, necə baş verib, onu istintaq araşdıracaq. Nəyin necə olduğu inşaallah üzə çıxacaq". 

"Bəs sizin oğlunuzun psixoloji durumu necə idi? Yəni o, bu hadisəni anlaqlı vəziyyətdə törədib" sualına Möhübbət Qurbanov belə cavab verib: "Bu mənim, yaxud kiminsə deməyi ilə deyil. Hərə bir söz deyir. Oğlum haqqında biri deyir, narkomandır, bir başqası deyir, alkoqolikdir, biri deyir, dəlidir. Bu haqda ən dəqiq sözü ekspertiza deyəcək, yoxlayacaqlar. Sadəcə, bircə onu deyim ki, Taleh də qardaşını itirib. Saatlarla, günlərlə gedib qəbristanlıqda ağlayırdı. Onun üçün də asan deyildi. Mən onun əməlinə haqq vermirəm. Qətiyyən! Talehin elədiyi böyük səhvdir, nə olur-olsun, bunu etməməli idi. Hər şey araşdırılacaq. Həqiqiqət ortaya çıxacaq. Oğlum da elədiyinin cəzasını çəkəcək". 

Möhübbət Qurbanov onu da bildirdi ki, şəhid Saleh Qurbanovun bir övladı yadigar qalıb: "Salehin indi bircə yadigarı qalıb. O uşaq bizim evimizdədir. İndi Ləmanın atasıgildə səs-küydür. Uşağı belə vaxtda ora yollaya bilmərəm".

Qeyd edək ki, Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

O, Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Nilay