Gecə saatlarında kobud qayda pozan sürücülərə qarşı profilaktik tədbir keçirilib
    • 18-02-2019, 14:32
    • 976

Gecə saatlarında kobud qayda pozan sürücülərə qarşı profilaktik tədbir keçirilib

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif  küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Tədbir zamanı bu üsulla, yəni avtomobilin yük yerinə daş parçaları yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişən sürücülər də aşkar edilib. Nəsimi rayonunda saxlanılan “Vaz 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub.

Profilaktik tədbir zamanı daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. “Kia” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarının pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilib.
Tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edildi. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə dayanacağına yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.