Öhdəliyi qəbul edibsə, krediti o şəxs ödəməlidir – İpoteka ilə ev alanların DİQQƏTİNƏ
    • 25-05-2023, 17:12
    • 552

Öhdəliyi qəbul edibsə, krediti o şəxs ödəməlidir – İpoteka ilə ev alanların DİQQƏTİNƏ

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Bununla bağlı Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib. Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qərar cəmiyyətdə birmənalı qarşılanmadı, bunun doğru oılmadığı qeyd edildi. Eyni zamanda həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin məsələsi də gündəmə gətirildi.

İqtisadçı ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin Plenumu ipoteka kreditləri ilə bağlı şərh, əmsal qərar verib və bu, əvvəl də tədbiq edilən praktikanı təsbit edir:

“Əvvəllər də eyni qayda ilə kreditlər ödənilib. Sadəcə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə şərh üçün müraciət edib ki, əmsal qərar olsun, bu məsələ ilə bağlı məhkəmə işləri artmasın, Plenumun qərarını əsas gətirərək bank-müştəri münasibətlərinin tənzimlənməsi mümkün olsun. Çünki bəzi hallarda vərəsələr mənzili qəbul edirdi, amma kredit öhdəliklərini qəbul etmirdilər. Öhdəlikləri qəbul etmək o deməkdir ki, şəxs hətta dünyasını dəyişsə belə, onun həyat sığortası pulunu kimsə alır, amma ödəməkdən imtina edir. Ona görə ki, həm də vərəsəliyi qəbul etdikdə paralel olaraq o pulu da almaq istəyir. Bu cür proseslər çox idi, məhkəmə çəkişmələri aylarla sürürdü”. 

Ekspert bildirib ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarı vərəsələrin öhdəlikdən yayınma hallarına son qoyacaq: “Konstitusiya Məhkəməsi birdəfəlik şərh yazdı, artıq məhkəmələrə ehtiyac qalmadan bu məsələ həllini tapacaq. Yəni vərəsəliyi qəbul edirsənsə, sığorta pulunu alırsansa, o krediti də ödəməlisən. Yaxud, kreditlər həyat sığortasına aid olmayan banklar tərəfindən kommersiya kreditləri kimi verilibsə, yenə də vərəsəliyi qəbul edirsənsə, öhdəliyi də qəbul etməlisən və krediti ödəməlisən. Əslində burada yeni heç nə yoxdur, bu günə qədər də belə idi. Sadəcə əvvəllər mübahisə yarananda məhkəmələr bunu həll edirdi və işlər uzanırdı. İndi Konstitusiya Məhkəməsi bununla bağlı şərh verib ki, artıq məhkəmə qərarlarına və məhkəməyə verilməyə ehtiyac qalmasın”.

Turan