Naxçıvanda ŞOK HADİSƏ – Qəbiristanlığa gedib 6 dəfə atəş açdı
    • 3-06-2023, 20:46
    • 700

Naxçıvanda ŞOK HADİSƏ – Qəbiristanlığa gedib 6 dəfə atəş açdı

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda üzərində qanunsuz silah daşıyan 1992-ci il təvəllüdlü A.Məmmədli şəxs saxlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, keçmiş hərbçi və bir müddət əvvəl ordu sıralarını tərk edən baş leytenant A.Məmmədlinin Daylaqlı kəndində yerləşən evindən Türkiyə istehsalı “ASKA” markalı, “Sentetien F 99” modelli, 9 mm kalibrlik tapança, sandıqçası və 4 patron götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz odlu silah saxlama, daşıma) maddəsi ilə iş açılıb və materialları Şahbuz rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə A.Məmmədli silahı İstanbulda alığını deyib: “1992-ci ildə Şahbuz rayonu, Daylaqlı kəndində anadan olmuşam, ata-anamla yaşayıram, subayam. 2009-cu il tarixdə Ali Hərbi Məktəbə qəbul olub 2013-cü ildə oranı bitirərək baş leytenant hərbi rütbəli zabit kimi xidmət etmişəm. 2019-cu il tarixdə öz ərizəmlə ehtiyata buraxıldım. 2020-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə gəzməyə getmişdim. Orada Türkiyə vətəndaşında qaz tapançası görüm və 2600 türk lirəsi verərək həmin şəxsdən qaz tapançasını və 20 ədəd patron aldım. Sonra silahı özümlə hissələrə bölərək Naxçıvana gətirdim. Həmin tapançanı yaşadığım Şahbuz rayonu, Daylaqlı kəndindəki evin həyətlərində gizlətmişdim, ara-sıra aparıb çay kənarında atırdım. Təxminən 5 ay əvvəl dostlarımla birgə Babək rayonu, Cəhri qəsəbəsindəki yeməkxanaya getmişdim, tapançam da üstümdə idi. Yeməkxanadan çıxdıqdan sonra Cəhri qəsəbəsindəki qəbiristanlıqda silahı çıxarıb 5-6 dəfə atəş açıb patronları istifadə etdim. Bundan sonra məndə 4 patron qalmışdı. Oradan gəldikdən sonra tapançanı yataq otağında döşəyin altında gizltdim, sonra polislər gəlib məni saxladı və silahı oradan tapdılar.”

Şahbuz rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə A.Məmmədli 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib, həmçinin cəza müddətinin sonunadək yaşayış yerini tərk etməmək, ictimai tədbirlərdə iştirak etməmək kimi vəzifələr üzərinə qoyulub.

Taleh BAĞIROV