Daha bir partiya fəaliyyətini dayandırdı — BƏYANAT
    • 5-06-2023, 15:01
    • 169

Daha bir partiya fəaliyyətini dayandırdı — BƏYANAT

Azərbaycanda daha bir partiya öz faəliyyətini dayandırır. Bu, 11.08.1992-ci il tarixdə 5 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Milli Demokrat-İdrak Partiyasıdır.

Partiya bəyanat yayaraq ləğv olunduğunu bildirir və kreditorlardan xahiş edir ki, bu elan dərc olunduqdan sonra 60 gün ərzində quruma olan tələblərini aşağıda göstərilən ünvana bildirsinlər: Bakı şəhəri, 4-cü mkr., Tağızadə küçəsi, 68, mənzil 40.

News24.az Milli Demokrat-İdrak Partiyasının sonuncu bəyanatını olduğu kimi təqdim edir:

"Dövlətçilik tariximizin ən çətin və taleyüklü zamanında – 1992-ci ilin əvvəllərində milli fikirin daşıyıcıları olan bir qrup ziyalının təsis etdiyi Milli Demokrat İdrak Partiyası ölkəmiz və xalqımız üçün əhəmiyyətli siyasi amallar uğrunda daim mübarizə aparmışdır. Partiyamızın yüzlərlə üzvünü birləşdirən dəyərlər əsasən milli kimliyin qorunması, demokratikləşmənin inkişaf edirilməsi və ziyalılarımızı dövlətçiliyimizin qorunması yolunda vahid düşüncə ətrafında səfərbər etməkdən ibarət olmuşdur.

Partiyamız ilk əvvəl düşüncə və birlik mərkəzi, 1992-ci ilin noyabr ayında dövlət qeydiyyatına alındıqdan sonra isə siyasi partiya kimi ardıcıl fəaliyyət göstərmişdir.

Müstəqilliyimizin ilk illərində baş verən ağrılı-acılı hadisələr – xüsusən ərazilərimizin erməni qəsbkarları tərəfindən işğal edilməsi, soydaşlarımızın öz doğma yurd yerlərindən didərgin salınması, ölkəmizin əksər regionlarında qurulan çadır düşərgələri, bunun ardınca dövlətçiliyimizə qarşı törədilən qanlı cinayətlər, ölkə əhalisi arasında məkrli cinayətkar dəstələr tərəfindən nifaq salınması cəhdləri Milli Demokrat İdrak Partiyasının üzvlərini dövlətçiliyimizin qorunması yolunda birləşməyə və əzmkar mübarizəyə sövq etmişdir.

Sevindirici və qürurlu haldır ki, dövlətimiz xalqımızın milli birliyi, sarsılmaz mübarizlik xüsusiyyətləri və ölkəmizə rəhbərlik edən insanların uzaqgörənliyi nəticəsində dərin sosial-iqtisadi böhran vəziyyətindən qurtulmuş, sürətlə inkişaf edərək indiki Qalib dövlət statusuna yiyələnmişdir. Bu böyük qalibiyyətin səbəbkarının ölkə Prezidenti İlham Əliyevin müdrik uzaqgörənliyi olduğunu etiraf etmək hər bir mütərəqqi siyasi baxışları olan şəxslərin ədalətliliyinin göstəricisidir.

Bu gün ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi, siyasi partiyalarla bağlı qanunvericilik bazasının yenilənməsi mövcud siyasi partiyaların da zamanın tələbilə ayaqlaşmasını şərtləndirir.

Hesab edirik ki, hazırda dövlətçiliyimizin daha da güclənməsi, insanlarımızın xoşbəxt və firavan həyatının təmin olunması üçün milli təəssübkeşliyi olan kifayət qədər insan mövcud hakimiyyətin ətrafında birləşmişdir. Biz Partiya olaraq milli iradə və düşüncəni, demokratiyanı, dünyəvi dəyərləri inkişaf etdirən insanların daim yanında olduğumuzu bildirir və Partiyamızın üzvü olan şəxsləri də dövlətimizə və dövlətçiliyimizə inamla xidmət etməyə səsləyirik.

Dövlətimizin qüdrətinin durmadan artdığı, məkrli qüvvələrə qarşı barışmaz və qətiyyətli mövqe tutduğu bir zamanda dövlətimizə dəstəyimizi ifadə etmək, siyasi fikir birliyinə nail olmaq niyyətilə Milli Demokrat İdrak Partiyasının buraxıldığını bəyan edirik. Partiyamızın çoxsaylı üzvləri bundan sonrakı fəaliyyətlərini yenə də dövlətə və xalqa fəal vətəndaş kimi xidmət etmək istiqamətində davam edirəcəklər. Hər bir üzvümüzə bundan sonrakı ictimai və siyasi fəaliyyətində uğurlar arzulayırıq".

Bəyanatı Milli Demokrat-İdrak Partiyasının sədri Osman Əfəndi imzalayıb.