Bakıda bu xəstəxanada işıqlar söndü, həkimlər liftdə qaldı... — Açıqlama
    • 5-06-2023, 18:20
    • 235

Bakıda bu xəstəxanada işıqlar söndü, həkimlər liftdə qaldı... — Açıqlama

ATU Tədris Cərrahiyyə Klinikasında işıqların sönməsi və həkimlərin liftdə qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

News24.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova Teleqraf.com-a açıqlamasında məlumatı təsdiqləyib.

Günel Aslanova bildirib ki, işıqlar sönəndən dərhal sonra generator işə düşüb və ciddi problem yaranmayıb:

“Klinikada heç bir problem olmayıb, generator işə düşüb, xəstələrlə bağlı narahatlıq yaşanmayıb. Həkimlərin liftdə qalmasına gəlincə, təbii ki, işıqlar sönəndə avtomatik olaraq liftin fəaliyyəti bir dəqiqəlik də olsa dayanır, qısa vaxtda - generator işə düşən kimi, hamısı bərpa olunur. Əməliyyatxananın generatoru tamamən ayrıdır, orada işıq sönsə belə generator həmişə işlək vəziyyətdə qalır. İşıq sönəndə problem yaranacaq əsas bölmələr - reanimasiya, xəstə palataları, uşaq küvəzləri və sairdir. Hamısında generator dərhal işə düşür, heç bir problem yaranmır”.

Onun sözlərinə görə, elektrik təchizatı bölməsi problemin nədən qaynaqlandığını araşdırır.