Bu satış məntəqələrindən uzaq durun! - Qida texnoloqu
    • 8-06-2023, 17:40
    • 363

Bu satış məntəqələrindən uzaq durun! - Qida texnoloqu

Açıq şəkildə satılan qida məhsullarına, yeməklərə tez-tez rast gəlirik.

Bunlar daha çox bazarlarda, dönərxanaların vitrinlərində müşahidə olunur. Həmin məhsullara toz hopur. Eləcə də artıq havalar istiləşdiyindən vitrinlərdəki yeməklər xarab olub. Belə qidaların qəbulu isə müxtəlif infeksion xəstəliklərə, zəhərlənmə hallarına səbəb olur.

Mövzu ilə bağlı qida texnoloqu Ağa Salamov Bakupost.az -a açıqlamasında bildirib ki, yuyula bilməyən məhsulların açıq şəkildə satılması təhlükəlidir:

“Üstü açıq şəraitdə satılan məhsullar müxtəlifdir. Yuyula bilən və bilməyən məhsullar var. Yuyula bilməyən məhsullara çörək, şirniyyat, tort, un məmulatları, çərəzlər aiddir. Bəzən çərəzləri yuyub təmizləyirlər. Lakin uşaq yedikdə bunu fikirləşmir, yuyulmamış yeyir. Ona görə də həmin məhsulların qapalı şəraitdə, soyuducuda saxlanması vacibdir. Əks halda, zəhərlənmə, başgicəllənmə, ürəkbulanma halları baş verə bilər”.

A.Salamov açıq havada ət məhsullarının satıldığına da diqqət çəkib:

“Açıq havada, xüsusilə bazarlarda riskli məhsulların satılmasına diqqət edilməlidir. Kartof-soğanı başa düşürük, qabığını soyub yumaq olur. Ət məhsulları da yuyula bilən qidalardır. Lakin həmin məhsul xarabdırsa, yumaqla bir şey olmayacaq. Havaların istiləşməsini də nəzərə alsaq, ət məhsullarının ən tez xarab olan qidalardan olduğunu deyə bilərik. Ona görə də, ət məhsullarını açıq şəraitdə satılan yerdən almaq tövsiyə olunmur. Qapalı yerdən aldıqda da ətin rənginə, qoxusuna diqqət edilməlidir. Bəzən toyuğu da kənd toyuğu adı altında açıq şəkildə satırlar. O da göyərir, şirə salır. Balıq da çox açıq havada qalanda onda histamin maddəsi əmələ gəlir, balığın qarnı şişir. Əl vuranda pulları tökülür. Ona görə də, şişmiş, gözünün rəngi bulanmış, pulu tökülmüş, fərqli qoxusu olan balığı almaq düzgün deyil. Ümumiyyətlə, soyuducu ilə təmin olunmayan satış məntəqələrindən uzaq durmaq lazımdır”.