Ləğv olunmuş bankın işçilərinin hüquqları pozulub?
    • 25-02-2019, 11:18
    • 816

Ləğv olunmuş bankın işçilərinin hüquqları pozulub?

Son günlər sosial şəbəkələrdə və bəzi xəbər portallarında ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının “Atəşgah Həyat” Sığorta Şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı məqalələr yayımlanıb. 

News24.Az-a daxil olam məlumata əsasən məqalələrdə bildirilib ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur. Məsələ ilə bağlı “Atəşgah Həyat” Sığorta Şirkəti açıqlama yayıb. Açıqlamada bildirilib ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanıb və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaq.      
“Atəşgah Həyat” Sığorta Şirkəti hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirib və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməyib. Ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur. Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunub ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşıb, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Nigar MƏMMƏDLİ