“Rezin kimi dartıb uzadırlar” —  Dramaturqdan QINAQ
    • 23-06-2023, 16:11
    • 917

“Rezin kimi dartıb uzadırlar” — Dramaturqdan QINAQ

“Yerli seriallarımız tamaşaçı zövqünü korlamaqla məşğuldur…”.

News24.az xəbər verir ki, bu sözləri tanınmış dramaturq Firuz Mustafa yerli serialların keyfiyyəti barədə fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

O, serialların rezin kimi uzandığını və heç bir məqsəd, qayəsi olmadığını təəssüf hissi ilə bildirib:

“Yerli seriallara ardıcıl olaraq baxmasam da, onlarla bağlı müəyyən təəssüratlarım var. Mən serialların rezin kimi uzadılmasının əleyhinəyəm. Hesab edirəm ki, bir-iki seriayada hansısa fikri çatdırmaq olar. O boyda nəhəng Tolstoyun “Hərb və Sülh”, Şoloxovun “Sakit Don” əsərlərinin ssenarisi üzrə çəkilmiş filmlərdə 4 seriyada hər şeyi ətraflı şəkildə göstəriblər. Bizimkilər isə nədənsə serialları acı bağırsaq kimi uzada-uzada gedirlər. Heç özləri də bilmir neylədiklərini.

İstənilən film və serialda bir qayə, məqsəd olmalıdır. Konkret bir problem qoyulmalıdır. Təəssüflər olsun ki, bizdə seriallar çox zəifdir. Elə bunu aktyor oyununa da şamil etmək olar. Düzdür, istisnalar da var. Bəzi hallarda tanınmış aktyorlara və aktrisalara da rol verilir ki, serialın sanbalını artırsın. Amma ümumi halda götürsək, hesab edirəm ki, serialların səviyyəsi çox aşağıdır, qaneedici deyil. Bəlkə də onun öz tamaşaçısı var. Çox güman ki, yox, elə var. Çünki tamaşaçısı olduğu üçün o seriallar da çəkilir. Amma təəssüf ki, tamaşaçı zövqünün səviyyəsini qaldırmaq əvəzinə, aşağıya doğru dartırlar. Ona görə də bizim yerli seriallar tamaşaçı zövqünü korlamaqla məşğuldur.