Nazirlikdən nəzarət kassa aparatları ilə bağlı daha bir yenilik
    • 27-02-2019, 12:41
    • 1 525

Nazirlikdən nəzarət kassa aparatları ilə bağlı daha bir yenilik

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.  

Vergilər Nazirliyindən News24.az-a verilən məlumata görə, yeni nəsil NKA-ların operatoru qismində fəaliyyət göstərmək niyyətində olan istənilən rezident hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə nəzarət-kassa aparatlarının operatoru olmaq hüququna malikdir. Bunun üçün ayrıca tender keçirilməyəcək. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir.  Nəzərdə tutulan qanunvericilik layihələrində operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi planlaşdırılır. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı 1 məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə malik olması, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsi və təqdim edilmiş kassa sisteminə texniki xidmət göstərmək bacarığına malik ən azı bir nəfər əməkdaşının mövcud olması və s. kimi amillər daxildir.  

Nigar MƏMMƏDLİ