1440 manata avtomobil hərraca çıxarılacaq
    • 28-02-2019, 11:06
    • 915

1440 manata avtomobil hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarılıb.

News24.Az bildirir ki, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir. Qeyd edək ki, özəlləşdirilmə hərracları 05, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Komitədən news24.az-a verilən məlumata görə, mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Qeyd edək ki, səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.  Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11.9 kv.m ilə 266.7 kv.m intervalındadır. Qeyri-yaşayış sahələrinin yerləşdiyi regionlar da müxtəlifdir. Belə ki, bu növ dövlət obyektlərindən 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşir. Avtomobil sahibi olmaq istəyənlər mart ayı üzrə keçiriləcək hərraclarda istehsal tarixi 1999-2014 olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Qeyd edək ki, avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır. Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.

Nigar MƏMMƏDLİ