Azərbaycan Prezidenti və ABŞ Dövlət katibinin telefon danışığı oldu
    • 13-07-2023, 11:43
    • 326

Azərbaycan Prezidenti və ABŞ Dövlət katibinin telefon danışığı oldu

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

News24.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.