İşçilər maaşlarını niyə istədiyi bankdan ala bilmir? - Müəssisələr banklarla sövdələşir...
    • 14-07-2023, 18:26
    • 441

İşçilər maaşlarını niyə istədiyi bankdan ala bilmir? - Müəssisələr banklarla sövdələşir...

Azərbaycanda dövlət müəssisələrində çalışan işçilər öz əməkhaqqlarını yalnız çalışdıqları müəssisələrin təyin etdiyi bankdan ala bilirlər. Bu, qanunla müəyyən olunan qaydaya zidd olsa da, müəssisələr banklarla sövdələşməyə gedirlər və işçiyə seçim haqqı vermədən öz əməkdaşlıq etdikləri bank operatorlarından maaş alınmasını təmin edirlər. 

Bəs, işçi əməkhaqqını almaq üçün qurumun təyin etdiyi bankdan imtina edib istədiyi bankı seçə bilərmi?  

Mövzu ilə bağlı News24.az-a danışan hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, işçilər istənilən bankdan əməkhaqqını ala bilər və bu, qanunidir:

“Əmək məcəlləsinə görə, işçi maaşın alınma formasını özü müəyyən edir. O, öz əməkhaqqını hansı bankdan almaq istəyirsə, işə götürən də pulu həmin banka köçürməlidir. Ancaq təəssüf ki, işə götürənlər şərtləri işçilərə diktə edirlər. Bir çox müəssisələrdə işçi maaş aldığı bankla müqavilə bağlamır, lakin maaş kartları verilir. Bu, qanunun kobud şəkildə pozulmasıdır”.



Ə.Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının mülki məcəlləsinə görə, vətəndaş o halda bankın müştərisi olur ki, işçi ilə bank arasında bank hesabı müqaviləsi var: “Kart da əslində bank hesabından istifadə üçün vasitəsidir. Maaş hansı bankdan verilirsə, o bankla vətəndaşın müqaviləsi olmalıdır. Müqavilə bağlamaq isə könüllüdür. Məcburi ola bilməz. Azərbaycan müəssisələrində hər iki tərəf - işə götürənlər və bank qanun pozuntusuna yol verir. Müəssisə ona görə pozuntuya yol verir ki, o öz işçisini məcbur edir, işçinin qanuni tələbini icra etmir. Həm də bank pozuntuya yol verir. Bank hesab müqaviləsi bağlamadan kart verir. Bunun səbəbi də işə götürən müəssisələrin həmin banklarla sövdələşməsidir. Deyir ki, mən sənə işçilərin maaşını köçürəcəyəm, sən də mənə aşağı faizlə kredit ver. Ona görə də qarşılıqlı maraqlar yaranır. Həm də sövdələşdikləri banklara şərait yaradırlar ki, işçiləri onlardan kredit alsın”.

Hüquqşünas belə halla qarşılaşan işçilərin işə götürən şəxslərdən öncədən bunu yazılı şəkildə tələb etməli olduğunu bildirib.



İqtisadçı Natiq Cəfərli isə mexanizmdə problemlər olduğunu bildirib: 

“Vətəndaşın öz maaşını istənilən banka daşımaq hüququ var. Qanun bunu qadağan etmir. İşçi istədiyi bankdan maaşını almaq üçün çalışdığı müəssisəyə müraciət etməlidir. Əgər rədd cavabı alırsa, məhkəmə yolu ilə qanuni hüququnu təmin edə bilər. Lakin bəzən mexanizmdə problemlər yaranır. Çünki bununla bağlı hələ vahid mexanizm yaradılmayıb. İşçinin çalışdığı müəssisə müqavilələri əsas gətirir, bütün hesabların eyni bankda olmasını müqavilə şərtləri ilə izah edir. Əslində isə heç bir məhdudiyyət yoxdur. Hər kəs öz maaşını başqa banka daşıya bilər. Yalnız təqaüdlə bağlı problemlər olur. Çünki təqaüdlər Dövlət Sosial Müdafiə Fondunun təyin etdiyi operator banklar vasitəsilə verilir”.

Qumral Əliyeva