Paytaxtda çörək UCUZLAŞACAQ?
    • 17-07-2023, 13:49
    • 682

Paytaxtda çörək UCUZLAŞACAQ?

"Son dövrlərdə unun qiymətinin enməsi nəinki Naxçıvanda, elə Bakıda da çörəyin qiymətinin ucuzlaşmasına səbəb ola bilər". 

Bunu News24.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. 

İqtisadçının sözlərinə görə, unun ucuzlaşması təkcə çörəyin qiymətinə deyil, eyni zamanda digər un məmulatlarının da ucuzlaşmasına imkan verəcək: "Çörəyin ucuzlaşmasından söhbət gedərkən insanların diqqəti daha çox zavod çörəyi kimi tanınan ənənəvi çörəyə yönəlir. Digər çörək məhsullarının qiyməti bazarda sərbəst formalaşırdı və kəskin şəkildə bahalaşmışdı. Dünya bazarında unun ucuzlaşması həm zavod çörəyində, həm də digər undan hazırlanan məhsulların, şirniyyatların ucuzlaşmasına səbəb olacaq". 

R.Həsənov unun qiymətinin enməsini dünya bazarında taxılın ucuzlaşması ilə izah edir:

"Dünya bazarında taxıl ucuzlaşır. Eyni zamanda taxıl mövsümüdür. Azərbaycan özü də taxıl istehsalçısıdır. Bununla yanaşı, Azərbaycanın taxıl aldığı mənbə bazarlarında da qiymətlərin ucuzlaşması bu nəticəyə gətirib çıxarıb. Lakin bu o demək deyil ki çörəyin qiyməti müvafiq nisbətdə ucuzlaşacaq. Un çörəyin maya dəyərinin formalaşmasında 30-45 faiz paya malikdir. Müvafiq nisbətlər nəzərə alınmaqla qarşıdakı vaxtda çörəyin qiymətində 5-10 qəpik arasında ucuzlaşma təşəbbüsləri görə bilərik".

Qumral Əliyeva