Prezident İlham Əliyev problemli kreditlər barədə danışdı
    • 1-03-2019, 15:52
    • 1 344

Prezident İlham Əliyev problemli kreditlər barədə danışdı

“İqtisadi sahədə apardığımız islahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib”.

News24.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq: “Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir”.
Prezidentin sözlərinə görə, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın: “Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.

//Report