İranda saxlanılan Fəridin anası nazirə müraciət etdi
    • 18-07-2023, 21:54
    • 292

İranda saxlanılan Fəridin anası nazirə müraciət etdi

2023-cü ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova ictimaiyyətə və xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.

News24.az​​​ xəbər verir ki, bu barədə Əsgərova Feysbuk hesabında məlumat yayıb.

Dilarə Əsgərova qeyd edib ki, oğlu Fərid 4 aydan çoxdur ki, İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir:

"Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfindən vəkillə təmin olunmayıb. O, cinayətkar olduğuna görə həbs olunsaydi, hec kimə ağız açmazdım, deyərdim, zəhmət çəksin cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də Sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasina (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır) və ən nəhayət, avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy göstərəsiniz!

Mən inanıram ki, Siz mənim çağırışıma biganə qalmayacaqsınız", - paylaşımda deyilib.

Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə, ona tərcüməçi verilməyib.