Dünya dollardan imtina edir: Bəs Azərbaycan?
    • 1-08-2023, 11:32
    • 800

Dünya dollardan imtina edir: Bəs Azərbaycan?

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib ki, dünya tədricən dollardan imtina etməyə başlayıb. BVF rəhbərinin sözlərinə görə, əvvəllər ehtiyatların 70 faizi Amerika valyutasından ibarət idisə, indi bu rəqəm 60 faizdən bir qədər aşağı düşüb.

Bununla belə, son zamanlar beynəlxalq ekspertlər dollarla bağlı bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, qlobal böhran səbəbindən ABŞ valyutasının ucuzlaşması müşahidə ediləcək. Dünyanın əsas aparıcı valyuta sistemi olan dollar hazırkı cəlbediciliyini itirəcək.

“Bu səbəbdən indi bizdə dollar və bir neçə valyuta var ki, onlar gələcəkdə dolların statusuna yaxınlaşa bilər, çünki dünya valyuta sistemində islahatlar aparılmalıdır”,- ekspertlər vurğulayıb. 

Məlum olduğu kimi Rusiya, İran, Çin, Hindistan bu istiqamətdə müəyyən deklarasiyalar imzalayıb bəyanatlar veriblər. Rusiyada artıq avqustun 1-dən rəqəmsal valyutaya keçid baş verir. Belə ki, rəqəmsal rubl haqqında qanun qüvvəyə minəcək - onunla ilk sınaq əməliyyatları elə həmin ay başlayacaq. 

Lakin hələ də ölkələr dollardan tam imtina etməyib. Beynəlxalq iqtisadçıların proqnozuna görə, qarşımızdakı 20-30 il ərzində dollar hakim mövqeyini qoruyub saxlayacaq. 

Hazırda qlobal iqtisadiyyatı transformasiya edən və gələcəkdə dollara da təsir edə biləcək rəqəmsal valyuta və aktivlər var: “Dünya pulu” rolunu oynayan dolların fəaliyyətini kriptovalyutalar daha səmərəli şəkildə həyata keçirə bilir. Üstəgəl, son bir neçə ildə ölkənin milli valyutasının kriptovalyutası dövriyyəyə buraxılır. Kriptovalyutaların inkişafı, demək olar ki, dolların alternativinin yaranmasına, beynəlxalq maliyyə bazarında, dünya ticarətində alternativ valyutanın yaranmasına yol açır.

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, dolların sanksiyalar vasitəsinə çevrilməsi dünyada onun istifadəsinin dayandırılmasına gətirib çıxarır və mövqeyini qəlizləşdirir. Onun sözlərinə görə, dollara alternative üçün sıra bəyanatlar var, lakin konkret addım yoxdur.
 

"Dünya valyuta ehtiyatının üçdə ikisi Amerika dollarındadır. Rusiya və Çin nə qədər çalışsalar da buna nail ola bilməyiblər. Düzdür dollar artıq bir qədər hakim mövqeyini itirib. Dünya ölkələrini xüsusilə Amerika imperializmini ədalətli hesab etməyən dövlətlərin bir az ehtiyatlı olmasına gətirib çıxarır. Burada həmçinin Çinin güclənməsi də rol oynayır. Lakin yaxın gələcəkdə dollar alternativsiz ciddi valyuta kimi mövqeyini qoruyub saxlayacaq”, - deyə o. qeyd etdi.  

İqtisadçı hesab edir ki, prosseslər ölkəmizə təsir etməyəcək. Çünki Azərbaycan iqtisadiyyatı üçün dollardan daha çox neft və qaz əsas rol oynayır.
 
“Dollarla neftin arasında bir uyğunluq olduğu üçün dollara fiksə etmək daha rahatdır. Əgər deyilən ssenari ilə getsək, manata çox ciddi bir təsiri olmayacaq,  çünki əsas təsir neft və qaz satırıq. Dollara alternativ olacağı təqdirdə biz avro yaxud yuanna satacayıq. Bizi narahat edəcək bir situasiya yoxdur. Dollara rəqib olmaq üçün həmin ölkənin iqtisadiyyatı güclü olmalıdır. Dolların arxasında güclü Amerika iqtisadiyyatı durur. Bu iqtisadiyyat dünya iqtisadiyyatının dörddə birini təşkil edir”, - ekspert fikrini yekunlaşdırdı. 
 
Arzu