“Ehtiyat zabit hazırlığı kursu”na psixoloqlar da qəbul olunur
    • 4-03-2019, 18:06
    • 1 252

“Ehtiyat zabit hazırlığı kursu”na psixoloqlar da qəbul olunur

Martın 4-dən Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən, müddətli həqiqi hərbi xidməti başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlardan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasında sənəd qəbulu başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələri müəyyən edilmiş vətəndaşlar fiziki hazırlıq, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlara buraxılacaq.

Hərbi hissələrdə vakant hərbi psixoloq vəzifələrinə təyin olunmaq məqsədilə psixoloq ali təhsili olan vətəndaşlara da kursa müraciət etmələri təklif olunur.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul martın 27-dək davam edəcək.