Cavanşir Məmmədovun tutdurduğu keçmiş kürəkəni bəraət istəyir
    • 3-08-2023, 12:30
    • 793

Cavanşir Məmmədovun tutdurduğu keçmiş kürəkəni bəraət istəyir

Əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilərək 6 il 6 ay azadlıqdan məhrum edilən keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İbili Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
 
News24.az-ın məlumatına görə, şikayətçi hökmü əsassız sayır və məhkəmədən bəraət istəyir. 
Apellyasiya şikayəti Mustafa İbilinin vəkili tərəfindən məhkəməyə təqdim olunub. 

İttihama görə, Cavanşir Məmmədov hüquq mühafizə orqanlarına müraciət edərək Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin onu aldadaraq özünün və ailə üzvlərinin 130 min dollardan çox pulunu ələ keçirdiyini bildirib. 

Hüquq-mühafizə orqanları əməkdaşları Mustafa İbilini saxlasa da, sonradan onu polisin nəzarəti altına verib və faktla bağlı cinayət işi başlanıb.  
Təqsirləndirilən şəxs Mustafa İbili isə istintaqa ifadəsində bildirib ki, o əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə sosial şəbəkədə tanış olub və evlənmək məqsədilə xanımın təşəbbüsü ilə Bakıya gəlib. Mustafa İbili iddia edir ki o, Bakıya gələndən sonra 3 il C. Məmmədovun evində yaşayıb. Təqsirləndirilən şəxs bildirib ki, o Türkiyədə olan evini, mağaza və digər əmlaklarını sataraq C. Məmmədovun qızına bahalı qızıl-zinyət əşyaları alıb. Pulu qurtarandan sonra isə C. Məmmədov və ailə üzvləri ona böhtan ataraq həbs etdirmək istəyib.  

Mustafa İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. İbili cinayətdə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib . 

Hökmlə razılaşmayan Mustafa İbili apellyasiya şikayəti verib. 

Samir Əli