Bakıda ev kirayə götürəndə bunlara mütləq diqqət yetirin: Ailə, tələbə qızlar...
    • 9-08-2023, 15:40
    • 333

Bakıda ev kirayə götürəndə bunlara mütləq diqqət yetirin: Ailə, tələbə qızlar...

Bu gün paytaxtda mənzillərini kirayə verən çoxsaylı ev sahibləri var. Lakin bəzən kirayənişinlə ev sahibi arasında qalmaqallar yaşanır. Ya kirayənişin evdən çıxarılır, ya da mənzil sahibi ona zərər dəydiyini iddia edir. 

Bəs kirayənişinlə ev sahibi arasındakı mübahisələr necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bir çox hallarda  mənzilin yiyəsi və kirayədə qalan arasında mübahisə yarananda qalmaqalda kimin haqlı olduğunu qanuni müstəvidə aydınlaşdırmaq olmur. 

Ekspert qeyd edib ki, bu kimi halların yaşanmaması üçün tərəflər arasında evin kirayəsi ilə bağlı mütləq rəsmi müqavilə bağlanmalıdır:

"Kirayə ev götürərkən kirayənişinlərin diqqət etməli olduğu bir sıra məqamlar var. Buna əvvəlcədən riayət etmək lazımdır ki, sonradan ev yiyəsi ilə kirayənişin arasında mübahisə yaranmasın. 

İlk növbədə, bütün kirayə mənzillər mütləq şəkildə rəsmi müqavilə ilə verilməlidir. Evlər rəsmi, notarial müqavilə ilə kirayənişinə təqdim edilməlidir. Evlər notarial müqavilə ilə kirayə verildikdə, hər iki tərəfin hüquqları qorunur. Bəzi hallarda kirayə qalanlar mənzil sahibləri tərəfindən incidilir, bəzi hallarda isə tam əksi baş verir. Amma ortada rəsmi müqavilə olsa, təbii ki, müqavilə predmetlərindən hər hansı biri pozularsa, bu artıq məhkəmə predmetinə çevrilə bilər.

Məsələn, ev sahibi evini kirayə verir, lakin bir neçə ay sonra gəlib kirayənişindən evi boşaltmasını tələb edir, ya da kirayə qiymətini 1-2 ay sonra qaldırır. Yaxud ev sahibi mənzili 2 nəfərdən ibarət gənc ailəyə verir, sonra gəlib görür ki, əslində evdə 5 nəfər tələbə qalır. Bu zaman tərəflər arasında mübahisələr yaranır, ev sahibi onları evdən çıxara bilmir və s. Bu cür problemlərin yaşanmaması üçün mütləq əvvəlcədən tərəflər arasında rəsmi müqavilə imzalanmalıdır".

E.Fərzəliyevin sözlərinə görə, gələcəkdə bu mübahisələrin yaşanmaması üçün vətəndaşların evlərini sığortalatması vacibdir. 

Ekspert bildirib ki, daha çox sığortaya ehtiyac olan hadisələr kirayə verilən mənzillərdə baş verir:

"Mənzil sahibləri üçün əsas tövsiyələrimdən biri isə mənzilin sığortalanmasıdır. Təbii ki, hər kəs əmlakını sığortalatmalıdır, amma nəzərə alsaq ki, sığorta hadisələri daha çox kirayə verilən mənzillərdə baş verir, bu əmlakın sığortalanması ikiqat vacibdir. Kirayə verilən mənzillərdə subasma, yanğın, qısaqapanma kimi hadisələr daha çox baş verir. Sonda evə hər hansı maddi zərər dəyəndə iki tərəf arasında ciddi mübahisələr yarana bilir, hətta təcrübədən görürük ki, bu mübahisə polisə, məhkəməyə qədər uzanır. Evin sığortası olduqda isə dəymiş zərəri sığorta şirkəti qarşılayır. Necə ki, avtomobil qəzası olduqda yada birinci sığorta düşür, eyni hal mənzil üçün də keçərlidir. İnsanlar kifayət qədər pul verib əmlak alırlar, amma həmin əmlakı sığortalatmaq istəmirlər. Bu gün ölkədə ən ucuz sığorta 50 manatdır və paytaxt üçün 25 min manata qədər dəymiş ziyanı qarşılayır. Hətta digər sığorta növləri ilə evin əşyalarını belə sığortalaya bilərlər. Bu gün Bakı şəhərində ən ucuz kirayə evin 300 manat olduğunu nəzərə alsaq, ildə 50 manat sığorta pulu vermək heç nədir. Bu kimi hallarda da insanlar, xüsusən kirayə mənzil sahibləri diqqətli olmalıdır. Çünki sonda dəyən ziyan onun əmlakına dəyir".