"Buna azadlığa çıxanda qiymət verəcəm" - Əvəz Zeynallı
    • 11-08-2023, 16:21
    • 857

"Buna azadlığa çıxanda qiymət verəcəm" - Əvəz Zeynallı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

News24.az-ın məlumatına görə, prosesdə şahid qismində çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi Çingiz Səlimov bildirib ki, 2008-ci ildən agentlikdə işləyir:

"Hazırda  AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdi. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən 1 saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım”.

Çingiz Əmirovun sözlərinə görə, Əvəz Zeynallını heç vaxt görməyib: “Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. “Xural tv”də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.

Çingiz Əmirov daha sonra Əvəz Zeynallının suallarını cavablandırıb. 

Əvəz Zeynallının vəkili Çingiz Əmirovun ifadəsinin Şahbaz Qasımovun ifadəsi ilə eyni olduğunu bildirib. 

Çingiz Əmirov isə Şahbaz Qasımovla danışmadığın və onun ifadəsindən xəbərsiz olduğunu deyib: “Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Əvəz Zeynallı “Xural TV”də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib”.

Əvəz Zeynallı şahidin ifadəsinə etiraz edib və  istintaqın heç bir materialına inanmadığını bildirib: "Mən istintaqın heç bir materialına inanmıram. İstintaq materiallarına azadlığa çıxanda qiymət verəcəm”.

Proses avqustun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Samir Əli