Rubl çökür: Rusiyadakı miqrantlar QAYIDIR?
    • 15-08-2023, 19:15
    • 917

Rubl çökür: Rusiyadakı miqrantlar QAYIDIR?

Rusiya rublu dollar və avro qarşısında kəskin ucuzlaşmaqda davam edir. Bununla bağlı olaraq Rusiyaya işləmək üçün gedən miqrantların gəlirlərinin azalması, iqtisadiyyatın resessiyaya daxil olması onların yeni yollar axtarmasına gətirib çıxarıb. 

Bu səbəbdən miqrantların əksəriyyəti rublun ucuzlaşması səbəbindən Rusiyanı tərk edə bilər.

Moskvadakı özbək diasporunun rəhbəri Bəhram İsmayılov bildirib ki, qazanclarının azalması ilə yanaşı, miqrantlar evə pul göndərərkən qazandıqları pulun bir hissəsini də itirirlər, çünki konvertasiya pul alan ölkənin yerli məzənnəsi ilə baş verir.

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, Rusiya-Ukrayna konfliktinin reimmiqrasiya prosesini tətikləyəcəyi gözlənilən idi. 
“Sadəcə 2022-ci ilin müəyyən dövründə müvəqqəti olaraq rublun möhkəmlənməsi baş verdi. Dünya bazarında enerji böhranı fonunda qeyd edilən proqnozların gecikməsi ilə nəticələndi. Proses demək olar ki, artıq başlayıb. Təbii ki, ölkədən-ölkəyə fərq olacaq. Çünki bəzi ölkələrdə iqtisadi vəziyyət daha pisdir. Lakin hansı ölkələrdəki durum daha stabildir miqrantların ora getməsi prossesi daha sürətli həyata keçəcək”.

Onun sözlərinə görə, əvvəlcə aşağı gəlirli sahələr və muzdlu əmək bazarı, reimmiqrasiya prossesinin əsas mənbəyini təsir edəcək.
 
“Çünki biznesi olan insanların ölkəni tərk etməsi bir qədər çətindir. Bu, daha böyük səylər və qurbanlar tələb edir. Muzdla çalışanlar üçün daha asandır və məcburi xarakter daşıyır. Azərbaycana da münasibətdə düşünürəm ki, müəyyən bir dalğa əhatə edəcək. Miqrantların geri qayıtmasını müşahidə edə bilərik. Qeyd etməliyik ki, bu ölkəmiz üçün çox həssas mövzudur. Ona görə ki, Azərbaycandan miqrasiya edənlərin altmış yeddi faizi məhz Rusiyaya üz tutur. Bu da Azərbaycan kimi kiçik ölkələr üçün kifayət qədər risk deməkdir. Hökumət bu prosesə hazırlıq görməli idi. Gələnlərin əmək bazarında yerləşdirilməsi, xüsusilə cənub və Gəncə, Qazax bölgələrinin əhalisinin dolanışığının təmin edilməsi ilə bağlı yeni layihələr ortaya qoyulması zəruridir. Əks halda bütün sahələrdə işsizliyin artmasına səbəb ola bilər”. 

Ekspert onu da vurğuladı ki, müharibə ilə əlaqədar mövqeyini dəyişməsə, dünya ilə razılaşmasa, növbəti dövrlərdə Rusiya iqtisadiyyatını daha da zəifləyəcək. Qısamüddətli dövrdə müəyyən qədər yığılmış resurslar müqavimət yaratsa da, növbəti illərdə artıq resursların tükənməsi istisna edilmir. Görünən odur ki, Rusiya Mərkəzi Bankı baş verənlərin qarşısını ala bilmir”.
 
Ayşən Rəhim