"Xalqın dərdini deməyə getmişdi, yoxsa orden almağa?" - Aktrisalardan Rasim Balayevə DƏSTƏK
Aktyor Rasim Balayevin "BBC News Azərbaycanca"a müsahibəsi zamanı dedikləri, xüsusən xalqın problemlərini dilə gətirməklə bağlı suala cavab verərkən "kütlə" ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirəyə yol açıb. Sənət yoldaşıları Xalq artistinə dəstək nümayiş etdiriblər.
News24.az bildirir ki, Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə paylaşım edərək həmkarını belə müdafiə edib:
"Protokol bilməyən, rəsmi görüş nədir bilməyən jurnalist... Rasim Balayev xalqın dərdini danışmağa getmişdi, yoxsa "İstiqlal" ordeni almağa? Rasim Balayev ilk öncə sənətkardır. Sənətkar! Sənət siyasətin aləti deyil. Həm də yaddan çıxarmayaq ki, Rasim Balayevin səsi ilə oxunulmuş Quran böyük bir nəslə mərifət, nur paylayan çıraq olub".
Xalq artisti Mehriban Zəki isə sənət yoldaşı barədə bu sözləri yazıb:
"Başa düşə bilmirəm, millətin problemlərini vəzifəsi dövlət rəhbərinə çatdırmalı olan millət vəkillərindən niyə soruşulmur? Bir sənət adamı, incəsənət sakini olan bir şəxsiyyət təhqirlə istintaq olunur? Bu kobud, zəkasız, peşədən, etikadan uzaq, münasibətə niyə yol verilir?".
AYLİN