Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub
    • 17-08-2023, 09:16
    • 186

Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub

Avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 78-ci ildönümü ilə əlaqədar tədbir təşkil edib.

News24.az xəbər verir ki, tədbir bütün indoneziyalılar tərəfindən “İndonesia Raya” dövlət himninin səsləndirilməsi və “Bayraq qaldırma mərasimi” ilə başlayıb.

Sonra 1945-ci ildə İndoneziyanın müstəqilliyinə nail olmaq üçün böyük fədakarlıq göstərmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin əməkdaşları, İndoneziya diasporunun üzvləri, Bakıdakı İndoneziya vətəndaşları, həmin ölkənin dil fakültəsinin məzunları da iştirak ediblər.

Daha sonra təntənəli tədbir səfir Hildi Hamid və xanımı Diah Permata tərəfindən bayram şənliyi çərçivəsində tort kəsmə mərasimi ilə davam etdirilib. Səfir, həmçinin cari ilin iyul ayının ikinci həftəsindən keçirilən ənənəvi oyunların qaliblərinə mükafatlar təqdim edib.

Tədbirdə İndoneziya mətbəxinin müxtəlif təamları və ənənəvi qəlyanaltıları qonaqlara təqdim edilib.

İştirakçıların əksəriyyəti mərasimə İndoneziyanın ənənəvi geyimlərində qatılıb. Mərasim xalqın və ölkənin rifahı, tərəqqisi üçün duaların oxunması ilə başa çatıb.
Qeyd edək ki, İndoneziyanın müstəqilliyinin 78-ci ildönümünün mövzusu “İrəliləyən, inkişaf edən İndoneziya” olub. Bu, İndoneziya xalqının irəliləməsini və ölkənin inkişafını həyata keçirməkdə bir-biriləri ilə əməkdaşlıq ruhunu əks etdirir. Bu, kollektiv şəkildə işləməyin və birgə harmoniyada hərəkət etməyin dəyərinə diqqət yetirir./AZƏRTAC//