Birləşmiş Kinematoqrafçılar İttifaqlarına kim sədrlik edəcək? - VİDEO-ÖZƏL
    • 17-08-2023, 19:16
    • 617

Birləşmiş Kinematoqrafçılar İttifaqlarına kim sədrlik edəcək? - VİDEO-ÖZƏL

Bildirdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib. Qərarın verilməsindən 3 həftəyə yaxın müddət keçməsinə baxmayaraq, hələ də quruma sədr seçilməyib və fəaliyyət istiqaməti müəyyənləşməyib. 

Mövzu ilə bağlı Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxladıq.

Şəfiqə Məmmədova News24.az-a bildirdi ki, heç bir sualı cavablamayacaq:

"Telefonla heç kimə açıqlama vermirəm. Sualınızı cavablandırmayacam".

Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri, Xalq artisti Rasim Balayev isə bildirdi ki, proses 1-2 aya yekunlaşacaq:

"Müəyyən texniki məsələlər var. Bunun üçün də 1-2 ay vaxt lazımdır. Bizim qurumun nizamnaməsinə görə, ittifaqa sədr seçki yolu ilə seçilməlidir. Ya Mədəniyyət Nazirliyindən təyinat olacaq, ya da hər iki ittifaqın sədri buraxılıb, yenidən seçiləcək. Hələ o mərhələyə gəlib çatmamışıq. Aydın məsələdir ki, ittifaqlar bir dənə olmalı idi. İki dənə olması gülünc görünürdü. Legitimlik məsələsinə gəlincə isə ittifaq kimi onlar da, biz də eyni işi görürük. Onlara da maliyyə ayırıblar, bizə də. Əslində Azərbaycan Kinematoqrafçılar İttifaqı ana ittifaqdı, legitim bizik. Bu il 65 illiyi qeyd olunacaq. Digər ittifaq isə 11 ildir fəaliyyət göstərir".

 Qumral Əliyeva