Yaradıcı təşkilatlar LƏĞV EDİLİR?

Yaradıcı təşkilatlar LƏĞV EDİLİR?
MƏDƏNİYYƏT

Baxış: 405 \ Tarix: 19-08-2023, 12:54

Mətn ölçüsü

Azərbaycandaki bütün yaradıcı birliklərin və qurumların birləşib vahid bir qurum adı altında fəaliyyət göstərəcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.


Mövzu ilə bağlı News24.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri  Anar dedi ki, bu barədə fikir bildirməyəcək:

"Çünki eşitmədiyim bir mövzu haqqında danışa bilmərəm".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev də yazıçı Anarla eyni mövqedən çıxış etdi. Xalq artisti vurğuladı ki,ona belə bir xəbər deyilməyib. 

"Bilmədiyim mövzu barəsində də fikir bildirə bilmərəm. Bu, elə  bir mövzudur ki, ətrafında düşünmək lazımdır".

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar İncəsənət xadimi, professor, Cəlal Abbasov isə tam əksini dedi. Onun  sözlərinə görə bir neçə il bundan öncə də belə bir məlumat yayılıb:

"Amma əsassız idi. Ümumiyyətlə hər sənətin, hər ittifaqın öz məqsədi və vəzifəsi var. Mənim fikrimcə,birliklərin birləşməsi  qeyri-real bir fikrdir. Birləşsə belə bunu müsbət hal kimi dəyərləndirmirəm. Müəyyən qüvvələr var ki, ümumiyyətlə yaradıcılıq birlikləri mövcudluğunun əleyhinədir. Onlar hesab edirlər ki, birliklər sovet dövründən qalmadır və heç bir işə yaramır. Əvəllər hər hansı bir mövzuda  yaradıcı ittifaqlarından mövqe öyrənirdilər. Misal üçün festival keçiriləcəksə, Bəstəkarlar İttifaqı olaraq, fikirlər irəli sürürdük, amma son zamanlar sanki saymazlıq var".


Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov iddianı təkzib edərək qeyd etdi ki, bu barədə məlumat yoxdur:

"Buna görə də, bu haqda nəsə deyə bilmərik. Amma Xalq şairi Anar təklifi etdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə eyniadlı birlik birləşdirilsin və vahid ad altında Azərbaycan Kinomatoqrafçılar Birliyi olaraq fəaliyyət göstərsin. Bu proses bir neçə ay çəkə bilər. Bu səbəbdən müvafiq addımlar atılmağa başlanacaq. Amma başqa ittifaqların fəaliyyəti haqqında məndə informasiya yoxdur".


Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyini öyrəndik. Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova tərəfindən bildirildi ki, yaradıcı birliklər və qurumlar müstəqil vahidləridir.

"Onların özlərinin qəbul etmək hüquqları var. Fəaliyyətləri ilə bağlı özləri tam müstəqildirlər. Amma dediyiniz məsələ ilə bağlı bizdə məlumat yoxdur. Bu sahə ilə bağlı ən son məlumat bildiyiniz kimi Kinomatoqrafiya ittifaqlarının özlərinin bəyan etdiyi kimi vahid bir təşkilatda birləşmələri olub".

Aydan 


YouTube