Oqtay Kazıminin nəvəsindən blogerin pul iddialarına - CAVAB
Bloger Şəfəq Məmmədova mərhum bəstəkar Oqtay Kazıminin mahnısını çəkdiyi reklam çarxında istifadə etdiyi üçün qohumunun ondan ödəniş istədiyini bildirib.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, mərhum bəstəkarın nəvəsi Çinarə Kazımi məsələyə aydınlıq gətirib. O bildirib ki, məsələ blogerin dediyi kimi olmayıb:
"Babam Oqtay Kazıminin bəstəsi olan "Eşqimin bəxti" mahnısına çəkilən reklam çarxına görə hansısa ikinci dərəcəli qohumunun pul istəməsi ilə bağlı xəbərlər tamamilə yanlışdır. Hal-hazırda bütün müəllif hüquqları nənəmə aiddir və ondan başqa heç kim bizim adımızdan heç bir quruma müraciət edə bilməz.
Məsələ belədir ki, həmin bəstə 2 həftə öncə başqa bir reklam üçün müqavilə qarşılığında şirkətə verilib. Çəkilən reklam bizdən xəbərsiz olduğundan, hüquqları alan şirkət digər şirkətə zəng edərək reklamı silməklərini və bəstəni artıq onların istifadə edəcəyini qeyd edib. Aralarında anlaşıb, sağollaşıblar. Sonda isə belə bir dezinformasiya ortaya çıxıb!
Qaldı ki, bir nəvə kimi yox, marketoloq kimi münasibət bildirirəm: Bəli, bəstəkar musiqiləri (onlar xalq mahnısı sayılmır) komersiya məqsədli istifadə olunanda bəstəkarın ya özü, ya varisindən icazə alınıb, bəlli bir ödəniş verilir. Çünkü bəstə bəstəkarındır.
Babamın bəstələri 55 ildir aktualdır! Təkcə "Gəl qaytar eşqimi", "Ey həyat sən nə qəribəsən", "O sənli günlərim", "Toy olsun, bayram olsun", "Evimizdə şənlik var", "Cavanlığım", hələ bir 55 ildə yaşayacaq. Bilməyənlər üçün də deyim ki, Oqtay Kazimi ölkədə ilk rok operanı yazan, estrada mahnılarının təməlini qoyan adamdır. Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Mətanət İskəndərli, Zeyneb Xanlarova, Aygün Kazımova, Şövkət Ələkbərova, Rəşid Behbutov kimi müğənnilər onun bəstələrinə müraciət edib, mahnılarını oxuyublar. Onun heç bir tanıtıma ehtiyacı yoxdur".