"Lavrov planı"nda çoxsaylı qəbuledilməz məqamlar var - SİYASİ ŞƏRHÇİ
Maraqlı
“Lavrov planı” adı ilə yayılan sənəddə qəbuledilməz çoxsaylı məqamlar var”.
News24.az-ın məlumatına görə, bunu RTV-yə açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirib.
O ehtimal edib ki, sözü gedən “sənəd” Rusiyadakı müəyyən dairələrin istəyi ilə hazırlanıb.
İ. Vəlizadə planda ölkəmizin razılaşmayacağı məqamlardan da bəhs edib:
“Xüsusilə də Azərbaycan ərazisində yaşayan erməni əhaliyə istər din, istərsə də kargüzarlıq işlərində erməni dilinin tətbiqi ilə bağlı xüsusi imtiyazların verilməsi Azərbaycan konstitusiyasına ziddir. Bu yeniliklərin tətbiqi üçün konstitusiyada dəyişiklik zərurəti yaranır. Təsəvvür etsək ki, bu cür məsələlər referenduma çıxarılsa düşünmək çətin deyil ki, bu maddələrə səs verənlərin sayı nə qədər olacaq. Nə Azərbaycan rəhbərliyi, nə də Azərbaycan cəmiyyəti bu maddələrlə razılaşan deyil. Gərək belə sənədləri tərtib edən dairələr yaxşı düşünsünlər ki, artıq vəziyyət dəyişib və ermənilərə digər milli azlıqlardan heç bir fərq qoyulmayacaq. Digər tərəfdən görünür ki, həm Ermənistan cəmiyyəti, həm də Ermənistandakı siyasətçilər hələ də xülyalarla yaşayır və reallığı dərk etmirlər. Bu da belə cəfəng ideyaların yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, Qarabağdakı separatçıların nümayəndəsi Tiqran Petrosyan özünün "Facebook" səhifəsində "Lavrov planı" adı ilə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə "reinteqrasiya planı" adlı sənəd yayıb.
Sözü gedən sənəddə onlara qarşı qanunun aliliyi və diskriminasiyaya məruz qalmamaq, erməni əhalisinin yaşadıqları ərazidən zorla çıxarılmasının mümkünsüzlüyü, onların qanunsuz silahlı birləşmələrin tərkibində iştirakına görə yerli icra hakimiyyəti orqanlarında təmsil olunmaq hüququnun məhdudlaşdırılmasına yol verilməməsi, cinayət və məhkəmə təqibinə və ya hər hansı cəzaya məruz qalmasının yolverilməzliyi, erməni əhalisinin yerli seçkili orqanlarda təmsilçilik hüququnun tanınması, yerli əhəmiyyətli qərarların qəbulunda iştirakının təminatı, o cümlədən ermənilərin kütləvi yaşadığı yerlərdə dövlət dili ilə yanaşı erməni dilindən istifadə və digər imtiyazların verilməsi nəzərdə tutulur.
Fərid Azəri