Azərbaycanda pensiya yaşı artırıla BİLƏRMİ?
    • 22-08-2023, 15:55
    • 227

Azərbaycanda pensiya yaşı artırıla BİLƏRMİ?

Avropada pensiya yaşı 74-ə qaldırılır. Keçmiş Avropa Parlamentinin deputatı, "Yunanıstan - Başqa yol" partiyasının sədri, professor Notis Marias Avropada pensiya yaşının 74 yaşa qaldırılması prosesinə başlanıldığını elan edib.  Mariasın sözlərinə görə, onlar 2020-ci ilin sonundan bu prosesə başlamaq istəyiblər. Siyasətçi bildirib ki, oktyabrın 13-də Aİ Şurası 2020/1512 saylı “Üzv dövlətlərin məşğulluq siyasətinin rəhbər prinsipləri haqqında” qərarını təqdim edib və bu qərar 19 oktyabr 2020-ci ildə Aİ-nin rəsmi jurnalında dərc olunub. Pensiya qanunvericiliyi sahəsində islahatlar gender pensiya fərqinin daraldılması, iş ömrünün uzadılması və aktiv qocalma strategiyalarına əsaslanmalıdır. Bəs Avropada başlayan bu proses Azərbaycana da təsir edə bilərmi?

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar Bayramov qeyd etdi  ki,Azərbaycanda mövcud pensiya islahatlarında pensiya yaşının artırılması müzakirə olunmur:

"Nəzərə alsaq ki, əslində biz qadınların pensiya yaşının altmış üçdə saxlanmasını təklif etmişdik və güman edirik ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi kişilərlə qadınların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki qadınların sosial təminata daha çox ehtiyacı var. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda qadınların pensiya yaşı kişilərlə müqayisədə daha aşağı olsun. Bu baxımdan, bu gün pensiya islahatların məqsədi daha çox pensiya sistemində maliyyə dayanıqlığının gücləndirilməsi, əlçatanlığın artırılması, eləcə də elektron xidmətlərdən istifadə edilmə səviyyəsinin artırılması ilə bağlıdır"

Deputat qeyd etdi ki, o cümlədən özəl pensiya fondları vasitəsilə daha çox yığımlara nail olunması hədəflər sırasındadır:

"Bu baxımdan Avropa İttifaqında müzakirə olunan və pensiya yaşının artırılması ilə bağlı məsələ Azərbaycanda pensiya islahatlarının müzakirə mövzusu deyil. Bu gün bizim təklif etdiyimiz əsas məsələ daha çox pensiya kapitalından səmərəli istifadə məsələləridir. O cümlədən əlçatanlığın artırılmasıdır və düşünürəm ki, növbəti illərdə bu istiqamətdə biz pensiya islahatların davam etməsini müşahidə edəcəyik"

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Avropada pensiya yaşının artırılması demoqrafik vəziyyətlə bağlıdır:

"Belə təkliflər daha çox Yunanıstandan səslənilir. Çünki işçi qüvvəsi çatışmır.  Doğuşla bağlı, demoqrafik vəziyyətlə bağlı ciddi problemlər mövcuddur. Buna görə də təqaüd yaşının artırılması zaman-zaman gündəmə gəlir. Amma bu həyata keçiriləcək bir məsələ də deyil, çünki orda insanların buna qarşı ciddi etirazı var. Hələlik bu təklif kimi səsləndirilib, amma reallaşdırılması o qədər də asan məsələ deyil"

N.Cəfərlinin bildirdi ki, Azərbaycanda buna ümumiyyətlə ehtiyac yoxdur, çünki Azərbaycanda demoqrafik vəziyyət hələki Avropaya nisbətən xeyli yaxşıdır:

"Bizdə gənc nəslin yetişməsi və yaşlıları əvəz etməsi orqanik qaydada davam edir və proses gedir. Lakin bizdə başqa problem var. Hazırda ölkədə bəzi hallarda, əsasən də dövlət orqanlarında dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar təqaüdə çıxmaq istəmirlər. Onlar özləri istəyirlər ki, təaqüd yaşı artırılsın".

Aydan