"Ermənistanın Qarabağla məşğul olmağa iradəsi yoxdur" - Fazil Mustafa
    • 22-08-2023, 18:31
    • 167

"Ermənistanın Qarabağla məşğul olmağa iradəsi yoxdur" - Fazil Mustafa

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir vaxtda ermənilər sərhədyanı bölgələrdə, həmçinin Qarabağda hərbi təxribatların sayını artırıb. Bunun da təbii ki, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını gündəmdən çıxarmaq məqsədi daşıdığı bəllidir. Lakin prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Qarabağ erməniləri ya Azərbaycanın qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı bundan sonrakı dövrdə işğal dövründə olduğundan daha yaxşı olacaq. Ermənistan rəsmiləri və Qarabağdakı erməni separatçılarsa bunu etnik təmizləməyə çağırış kimi qəbul edirlər. Ermənilər reinteqrasiya məsələsində təşəbbüskarlıq göstərənlərin də vəziyyətini gərginləşdirirlər. Belə olduğu halda, Xankəndi ermənilərinin reinteqrasiyası reallaşdıqdan sonra hər iki xalq arasında münasibətlər hansı istiqamətdə davam edəcək? 

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Ermənistanla Azərbaycan arasında münasibətin gərgin olmasının bir neçə səbəbi var:

“Qarabağda məsələlərin bilavasitə Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlıdır. Hələ də onlar qəbul edə bilmirlər ki, Azərbaycan öz ərazisində suverenliyini tətbiq etməklə məşğuldur. Ona görə də Qarabağda yaşayan ermənilər bu reallığı hamılıqla qəbul etdikdə artıq problem çözüləcək".

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Qarabağla məşğul olmağa iradəsi yoxdur: 

"Ona görə də Ermənistan, Azərbaycanın iradəsi ilə hesablaşmalıdır. Ermənistan vaxtında bunlara əməl etsə, problemlərin irəliləməsinə və az itkilərə nail ola bilər. Məsələni belə yubatmaqla həm Qarabağ ermənilərini, həm də bütövlükdə Ermənistanda yaşayan və bura bir təəssübkeşlik daşıyan insanların da problemlərini artırır. Çünki burada qaçış yolu yoxdur. Azərbaycanın suverenliyi bərpa olunmalıdır və buna qarşı hər hansı bir dirənişin də qarşısı alınmalıdır”.

Aydan