-
- 23-08-2023, 16:27
- 315
Binəqədidə narkotik əməliyyatı: həbs edilənlər var
Binəqədidə İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanılıb, onlardan 26 kiloqram heronin və metamfetamin aşkar edilib.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar. Bu şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər.
Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, 2 kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov da saxlanılıb. Bu şəxsin üzərindən satış məqsədi ilə əldə etdiyi 4 kiloqramdan artıq heroin aşkar olunub. Rafiq Məmmədov narkotiki “TikTok” sosial şəbəkəsindən “Sərhəd” adı ilə tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Saxlanılan şəxslərin hər biri barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.