“Qız qalası” filminin təqdimatı olub
    • 9-03-2019, 23:17
    • 832

“Qız qalası” filminin təqdimatı olub

Nizami Kino Mərkəzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Kintamani” şirkəti ilə əməkdaşlığı çərçivəsində lentə aldığı “Qız qalası” bədii filminin təqdimatı olub.

News24.Az xəbər verir ki, təqdimat mərasimində çıxış edən rejissor İlham Qasımov filmin çəkilişlərinin həm Azərbaycanda, həm də İranda baş tutduğunu və bütün kollektivin böyük ruh yüksəkliyi ilə çalışdığını bildirib. Qeyd edilib ki, ekran əsərinin “Qız qalası” adlanmasının səbəbi bu tarixi abidənin, sadəcə, paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər, dünya səviyyəsində tanınması, eyni zamanda, bu abidənin adının tarixboyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.
Ekran əsərində rollarda Elməddin Cəfərov, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Ziya Ağa, Tural Əzizov, həmçinin iranlı aktyor Reza Naji çəkilib.
Komediya janrında lentə alınan filmin ssenarisi həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda, qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin bir-birinə sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər məsələ Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu min il ərzində Bakıda nələr dəyişib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?
Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənəsinin daha geniş tamaşaçı kütləsinə tanıdılması məqsədilə filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur.