-
- 12-09-2023, 17:04
- 346
"Bu yolun açılması Xankəndiyə daşımalarda şəffaflığı təmin edəcək" - Politoloq
Rusiyadan Qarabağdakı ermənilərə göndərilən humanitar yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb. Bununla da Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrildi.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra torpaqlarının bütövlüyünü təmin etmək üçün siyasi və diplomatik rıçaqlardan istifadəyə üstünlük verir:
“Biz Vətən müharibəsində öz torpaqlarımızı hərbi yolla işğaldan azad etdik. Sonrakı mərhələdə Laçın şəhərinin mərkəzində və Ermənistan-Azərbaycan sərhədindəki ümumilikdə Laçın dəhlizi adlanan ərazilərdə özümüzün nəzarət buraxılış şərtlərimizi formalaşdırdıq. Bütün bunlar bizim uzunmüddətli hesabda Vətən müharibəsindən sonra digər ərazilərimizdə dövlətin mövcudluğumuzu bərpa etmək strategiyasının bir mərhələsidir. Bu mərhələləri də biz pillə-pillə keçirik. 44 günlük müharibədən sonra Laçın şəhərinin mərkəzini azad etdik. Ardınca Laçın yolu üzərində öz nəzarət-buraxılış məntəqələrimizi formalaşdırdıq. Xankəndiyə humanitar yardım karvanı Fransanın, Ermənistanın, Avropa Birliyi də daxil olmaqla “Laçın yolunu açın” deyə çağırışlar edən güclərin deyil, Azərbaycanın göstərdiyi yolla daxil oldu”.
Politoloq bildirdi ki, Ağdam-Əsgəran-Xankəndi yolu üzərindən yüklərin daşınmasını Vətən müharibəsindən sonrakı qeyri-hərbi yollarla əldə etdiyimiz qələbələrin siyahısına əlavə etməliyik: "Biz bu gün Xankəndidə terrorçuların və onların havadarlarının faktiki olaraq yuvasını yardıq. Azərbaycanın Qızıl Xaç Cəmiyyətinin memorandumu əsasında Xankəndiyə Rusiya Qızıl Xaç Komitəsinin humanitar yüklərinin daşınmasına icazə verdik. Daxildə bunu fərqli göstərməyə çalışanlar var, lakin bu belə deyil. Bu uğurların müəllifi Azərbaycan dövləti, rəhbəri və xalqıdır”.
Y. Hacıyeva hesab edir ki, bu yolun açılması Xankəndiyə daşımalarda şəffaflığı təmin edəcək:
“Laçın yolunun üzərində nəzarət-buraxılış məntəqəsini qurmağımız da birmənalı olaraq yolun şəffaflığını təmin etmək təşəbbüslərimizdən irəli gəlmişdi. Hazırkı mərhələ üçün bu bir qələbədir. Buradakı yüklər birmənalı olaraq Azərbaycanın da göstərdiyi kimi, Ağdam-Əsgəran-Xankəndi yolu ilə gedəcək. Bu bizə Xankəndiyə giriş və çıxışa nəzarət imkanları verəcək. Həmçinin Xankəndidə şəffaflığın təmin olunması və yekun olaraq Qarabağın bütün ərazilərinə nəzarəti bərpa etmək strategiyamızı daha təcili həyata keçirməyə imkan yaradacaq. Əslində, tələskənlik prosesdə narahatlıqlar yaratmış ola bilər. Biz mərhələli şəkildə Azərbaycan dövlətinin məsləhət bildiyi vaxtlarda bu prosesi inkişaf etdiririk. Bu, bizə bölgənin təhlükəsizliyinə yerdə nəzarət etmək imkanı verir. Amma paralel olaraq həm də başqa məqamlar yaradır. Biz təkcə Qarabağda təmin etməklə Azərbaycan Konstitusiyasının şərtlərini və bölgənin deyil, Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etmiş oluruq. Çünki Cənubi Qafqaz bu gün Şimal və Cənub daşınmalarının təhlükəli olduğu bir dövrdə aralıq koridorunun təhlükəsizliyinin vacib elementidir. Bu isə ümumilikdə Avrasiya materikinin təhlükəsizliyi üçün çox mühümdür. Biz sadəcə öz ərazi bütövlüyümüzü, yerlərdə konstitusiyamızın şərtlərini və s. təmin etmirik, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etməklə, Avrasiyanın təhlükəsizliyinə töhfə veririk”.
Akqabay Mıradov