Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq
    • 18-09-2023, 13:05
    • 901

Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq

Cari ilin 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 % artıb. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti ilin yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Bu sözləri deputat Vüqar Bayramov bildirib. O, qeyd edib ki, mövcud tendensiya qorunub saxlanılacağı halda 2024-cü ilin yanvarında pensiyaların artacağı gözlənilir. Deputat bildirib ki, məbləğindən asılı olmayaraq orta aylıq əməkhaqqı indeksasiyası bütün pensiya məbləğlərinə şamil ediləcək. O, həmçinin pensiya kapitalında da artım olacağını bildirib.

Pensiya kapitalı isə 2023-cü ildə rəsmi illik inflyasiya səviyyəsinə indeksasiya olunaraq artırılacaq. Bəs yaxşı pensiyaların artımı niyə inflyasiyaya görə hesablanmır? Axı aldığımız pensiyanı biz bazardakı qiymətlərə görə xərcləyirik. Deputat bununla bağlı Milli Məclisdə təklif irəli sürdüyünü bildirib. İqtisadçı ekspert Allahverdi Aydın bu il inflyasiyanın da əməkhaqqı ilə təxminən eyni səviyyədə artığını bildirib və inflyasiyada ilin sonuna qədər ciddi dəyişikliyin olacağını düşünmədiyini deyib. O da bu qənaətdədir ki, pensiyaların artımı inflyasiyaya görə hesablanmalıdır.

Bundan başqa ekspert qeyd edib ki, əmək pensiyanın verilməsi üçün minimum 25 il əmək stajı və minimum 40 min manat əmək kapitalı lazımdır, bu isə həddindən artıq ağır şərtdir. Ekspert deyir ki, bu gün əsas müzakirə mövzusu pensiya alma şərtlərinin yüngülləşdirilməsi olmalıdır.