Neft Akademiyasının tələbəsi İrana casusluq edirmiş? -MƏHKƏMƏ
    • 18-09-2023, 14:56
    • 593

Neft Akademiyasının tələbəsi İrana casusluq edirmiş? -MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda təqsirləndirilən İran vətəndaşı Ghaedi Mohammad Najafin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum təqsirləndirilən şəxsin anket məlumatları dəqiüləşdirilib. Məlum olub ki, o Tehranda doğulsa da, milliyyəti azərbaycanlıdır. Ghaedi Mohammad Najaf oğlu 1994-cü ildə Tehran şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 

Prosesdə təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib. 

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən şəxsin Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verilib.

Proses oktyabrın 2-də davam etdiriləcək. 

Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Samir Əli